qebiristanliq 1321

Türkiyəli aparıcı Mehmet Ali Erbilin doğma anasının dəfn mərasimində iştirak etməməsinin səbəbini açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

“Anamı sevə bilmədim. İçimdə o qədər şey yığılıb qalmışdı ki, onu heç vaxt sevə bilmədim. Çünki bizi ögey atamızın qarşısında müdafiəsiz qoymuşdu”, – aparıcı qeyd edib.

Bir qisim insan valideynlə münasibətlər necə olursa-olsun, övladın onun dəfnində iştirak etməli olduğunu və bunun dini baxımdan vacib sayıldığını bildirirlər.

İslam dinində ana və atanın dəfninə getməmək günah sayılırmı? Valideyn övladına ağır əzablar veribsə belə, övlad onun dəfnində iştirak etməyə borcludurmu?

Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, islam dininə görə, valideynə itaət Allaha itaət hesab olunur:

“Yalnız bir halda itaət etməyə bilərsən ki, bu da valideynin səni Allaha, Onun Rəsuluna və dini dəyərlərə qarşı çıxarmasıdır. Allah Rəsulu (s) buyurur ki: “Allahın razılığı valideynin razılığında gizlidir.” Bu da o deməkdir ki, valideynlərini razı salmasan, Allahın razılığını qazanmaq çətindir. Hətta Cənnətə gedən yolun da ananın ayaqlarının altından keçdiyi bildirilir. Allah Rəsulu (s) digər bir hədisində buyurur ki: “Cənnət anaların ayaqları altındadır”.

rufet qarayev ilahiyyatci

Rüfət Qarayev

İlahiyyatçı daha bir maraqlı məqama toxunub:

“Qurani-Kərimə nəzər saldığımız zaman görürük ki, Uca Rəbbimiz valideynlərlə bağlı belə buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və ata-anaya yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!” (İsra, 17:23) Ardınca 24-cü ayədə buyurulur:

“Onlara mərhəmət göstərərək təvazökarlıq qanadının altına al və de: “Ey Rəbbim! Onlar məni kiçik ikən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!” Ayələrdən də göründüyü kimi, valideynə hörmət Allahın əmridir və istər diri ikən olsun, istərsə də ölü ikən onlara hörmət etmək vacibdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: