ABŞ Venesuela neftindən 12 milyard dollardan çox gəlir əldə edib. “The New York Times”ın məlumatına görə, bu gəlir son doqquz ayda əldə olunub.
Bir ölkə başqa bir ölkənin liderini həbs edir, hökumət dəyişikliyinə səbəb olur və onun təbii sərvətindən gəlir əldə edir.
Bu, nə dərəcədə beynəlxalq hüquqa uyğundur? ABŞ-a qarşı hər hansı reaksiya gözləniləndirmi? Yoxsa bu, əsaslandırılmış addımdır?
Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, ABŞ-ın borcu 400 trilyona yaxınlaşır:
“Bu, dəhşətli rəqəmdir. Vəziyyətin azacıq nəzarətdən çıxması dünya iqtisadiyyatında böhranlara səbəb ola bilər. Birləşmiş Ştatlar bu borcunu təhlükəsiz həddə qədər azaltmaq niyyətindədir. Bunun üçün ən yüksək gəlir neft satışından əldə oluna bilər. ABŞ-a indiki halda neftin qiymətinin baha olması lazımdır. Çünki hazırda Birləşmiş Ştatlar təkcə Venesuela neftinə nəzarət etmir, həm də iri neft ixracatçılarının demək olar ki, hamısında payı var. Neftin dünya bazarında qiymətinin yüksək olması isə mövcud durumda yalnız bir halda ola bilər ki, gərək neft regionlarında münaqişələr davam etsin.

Mütəllim Rəhimli
ABŞ faktiki olaraq xaos iqtisadiyyatı adlandıra biləcəyimiz bir durumun yaranmasına nail olub və bundan bəhrələnir. Hörmüz boğazının bağlı olması Venesuela neftinin qiymətinin qalxmasına şərait yaratdı. Bu, Vaşinqtona ciddi gəlir gətirir. Üstəlik, ABŞ-ın digər neft şirkətlərində iştirakından da gəliri artıb.
Bütün bunların əsasında isə qanunsuz hərəkətlər dayanır. İlk növbədə ABŞ-ın Venesuelaya və İrana hərbi müdaxiləsi qeyd edilməlidir. Lakin indiki halda güclülər mühakimə olunmur. Buna görə də ABŞ-ın hərəkətlərinin hüquqi qiymətləndirilməsi çox güman ki, aparılmayacaq”.
Turan Rzayev
Globalinfo.az