nazir 1

Moldova Rusiyaya və Belarusa qarşı Avropa İttifaqının (Aİ) sanksiyalarına tam şəkildə qoşulmağa hazırlaşır.

Globalinfo.az xəbər verir ki,  bu barədə ölkənin xarici işlər naziri Mixail Popşoy Kişinyovda Avropa İttifaqının genişlənməsi ilə bağlı keçirilən illik konfransda bildirib.

Onun sözlərinə görə, hazırda Moldova Avropa İttifaqının məhdudlaşdırıcı tədbirlərinin 91 faizini tətbiq edir.

Tam uyğunluğa nail olmaq üçün ölkəyə yalnız 2014-cü ildə qəbul edilmiş bir sektoral sanksiyalar paketinə qoşulmaq qalır.

“Bu, aradan qaldırılmalı olan bir boşluqdur. Beləliklə, 100 faizlik uyğunluğa nail ola bilərik”, – deyə Popşoy bildirib.

Nazir bu istiqamətdə qərarların yaxın vaxtlarda qəbul edilə biləcəyini qeyd edib. Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları bunun üçün zəruri mexanizmlər üzərində işləyirlər.

“Texniki baxımdan heç bir maneə yoxdur”, – deyə Popşoy əlavə edib.

Bununla yanaşı, o, yeni məhdudiyyətlərin iqtisadi nəticələrə səbəb ola biləcəyini, xüsusilə də Rusiya və Belarusla ticarət əlaqələrini davam etdirən şirkətlərin zərər görə biləcəyini etiraf edib.

Popşoyun sözlərinə görə, hakimiyyət yeni sanksiyalardan zərər çəkə biləcək sahibkarlara dəstək göstərilməsini təmin etməlidir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: