fitso 0 900x600 1

Slovakiyanın Baş naziri Robert Fitso Almaniya kansleri Fridrix Merzin Ukraynaya maliyyə yardımının davam etdirilməyəcəyi təqdirdə Avropa İttifaqı (Aİ) büdcəsini bloklamaqla hədələməsini şantaj adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Slovakiya və Çexiya hökumətlərinin birgə iclasından əvvəl danışıb.

Merz Avropa Şurasının sədri Antonio Koştaya məktub göndərərək, Aİ-yə üzv bütün ölkələrin 2027-ci ildə və sonrakı dövrdə Kiyevə maliyyə dəstəyini davam etdirməsinə razılıq verməyəcəyi halda, 2028-2034-cü illəri əhatə edən Aİ büdcəsinin təsdiqini bloklamaqla hədələyib.

“Buna cavab verməliyik. Federal kanslerin etdiyi tipik şantajdır və mən bunu rədd edirəm”, – deyə Fitso bildirib.

O xatırladıb ki, Slovakiya da Almaniya ilə eyni veto hüququna malikdir və suveren dövlət kimi öz mövqeyini ifadə etmək hüququ var.

Fitso məsələni Çexiyanın Baş naziri Andrey Babişlə müzakirə edəcəyini bildirib.

Babiş isə öz növbəsində Avropa İttifaqını Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlarda daha fəal iştirak etməyə çağırıb.

“Biz bunun üçün səy göstərməliyik. Bütün bunların xərcini birbaşa və dolayı yolla, enerji qiymətləri və digər vasitələrlə biz ödəyirik. Bizim əvəzimizə amerikalıların danışıqlar aparması yolverilməzdir”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 12-13-də Dublində keçiriləcək qeyri-rəsmi sammitdə Aİ liderləri Ukrayna büdcəsinin maliyyələşdirilməsində yaranan çatışmazlığı müzakirə edəcəklər. Gələn il bu məbləğin təxminən 70 milyard avroya çatacağı gözlənilir. Avropa İttifaqı bunun üçdə ikisini – 45 milyard avronu qarşılamaq istəyir. Dörd ölkə – Macarıstan, Slovakiya, Bolqarıstan və Çexiya Ukraynaya əlavə maliyyə yardımına töhfə verməkdən imtina edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: