Marko Rubio

ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamentində çalışan yüksəkvəzifəli şəxslərə ciddi xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məsələ ilə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb.

Rubio əməkdaşlardan öz səlahiyyətləri daxilində fəaliyyət göstərməyi və mühüm qərarları əvvəlcədən razılaşdırmağı tələb edib:

“Ötən həftə keçirilən müşavirədə Rubio bəzi əməkdaşların rəhbərliklə razılaşdırmadan qərarlar qəbul etməsini tənqid edib. Dövlət katibi mühüm təşəbbüslərin yalnız onun və ya müavini Kristofer Landau tərəfindən təsdiqləndikdən sonra həyata keçirilməli olduğunu bildirib.

Rubio, həmçinin qeyri-etik davranışa yol verən şəxslərin hökumətdəki əlaqələrindən asılı olmayaraq vəzifədən uzaqlaşdırılacağını vurğulayıb.

Bu xəbərdarlıq ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Gilfoylun istefasından sonra səsləndirilib. Gilfoyl mediada Tramp administrasiyasının nümayəndələri ilə ödəniş qarşılığında əlaqələrin qurulmasında vasitəçilik etməkdə ittiham olunub. O isə bu iddiaları rədd edib”.

“Reuters”in mənbələri Dövlət Departamentinin siyasi planlaşdırma bölməsinin rəhbəri Ceremi Lyuinin vəzifədən ayrılmasını da rəhbərliyin razılaşdırılmamış addımlarla bağlı narazılığı ilə əlaqələndiriblər.

Lyuin isə istefasının könüllü olduğunu və müşavirə ilə əlaqəsi olmadığını bildirib.

ABŞ Dövlət Departamenti məsələ ilə bağlı agentliyin sorğusuna şərh verməyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: