Təxminən 400 il əvvəl dənizin dibinə batan ticarət gəmisindən aşkarlanan qədim qıfılın sirri nəhayət açılıb. Müasir texnologiyanın köməyi ilə tədqiqatçılar tarixi əşyanı zədələmədən onun dörd hərfli şifrəsini müəyyən edə və kilidi açmağı bacarıblar.
Globalinfo.az-ın məlumatına görə, 1583-cü ildə İspaniyadan qayıdarkən güclü fırtınaya düşən “Ann Francis” adlı ticarət gəmisi Uels sahillərində batıb. Gəminin daşıdığı yüklər əsrlər boyu dənizin dibində qalıb.
1996–2017-ci illərdə ərazidə metal detektoru ilə axtarış aparan Piter Hyuz gəminin qalıqları arasında 400 illik qıfıl aşkar edib. Təxminən 3,18 santimetr hündürlüyündə olan qıfılın dörd fırlanan halqası olsa da, şifrəsi məlum olmadığı üçün onu açmaq mümkün olmayıb.
Kardiff Universitetinin tədqiqatçıları qıfılı zorla açmaq əvəzinə, mikrotomoqrafiya texnologiyasından istifadə ediblər. Bu üsul vasitəsilə metalın daxilindəki mexanizmi üçölçülü formada görüntüləmək mümkün olub.
Aparılan araşdırma nəticəsində halqaların hansı mövqelərdə yerləşdirilməli olduğu müəyyən edilib və qıfılın dörd hərfli şifrəsi deşifrə olunub.
Tədqiqatçılar bu üsulla tarixi artefakta zərər vermədən onun mexanizmini araşdırmağa nail olublar. Bununla belə, qıfılın konkret olaraq hansı qiymətli əşyanı qorumaq üçün istifadə edildiyi hələ də tam aydın deyil.
Tahir Turan
Globalinfo.az