1031251 src

Ermənistan gələcəkdə Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv olmaqla Avrasiya İqtisadi İttifaqında (Aİİ) mövcud şərtlərlə iştirakını eyni vaxtda davam etdirə bilməyəcək. Bu səbəbdən ölkə qarşısında seçim etmək zərurəti yaranacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən Aİ-nin genişlənməsi sammiti çərçivəsində “Euronews” telekanalına müsahibəsində bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti vətəndaşların ölkənin gələcək inkişaf istiqamətini müstəqil müəyyən edə bilməsi üçün alternativ imkanlar yaratmağa çalışır.

Aİ-yə inteqrasiya və Aİİ-də üzvlüyün uzlaşması ilə bağlı suala cavab verən baş nazir bu iki istiqamətin mövcud qaydalar çərçivəsində bir-biri ilə uyğun gəlmədiyini etiraf edib.

“Biz başa düşürük ki, Avropa İttifaqına üzvlük və Avrasiya İqtisadi İttifaqında iştirak mövcud qaydalar çərçivəsində bir-biri ilə uzlaşmır. Müəyyən mərhələdə Ermənistan seçim etməli olacaq. Lakin hazırda əsas vəzifəmiz insanlara hər iki istiqamətin hansı imkanlar yaratdığını göstərmək və onların şüurlu qərar verməsi üçün real alternativ formalaşdırmaqdır”, – deyə Paşinyan bildirib.

O vurğulayıb ki, hökumət vətəndaşların qərarını əvvəlcədən müəyyənləşdirmək niyyətində deyil. Əsas məqsəd Ermənistan cəmiyyətinin ölkənin gələcəyi ilə bağlı müxtəlif seçimlər arasında sərbəst qərar verə bilməsidir.

Paşinyan həmçinin qeyd edib ki, Avropa standartlarına uyğun islahatların aparılması Ermənistan üçün faydalıdır.

Onun fikrincə, dövlət institutlarının və qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması ölkə Aİ-yə üzv olmasa belə, milli maraqlara xidmət edir.

Baş nazir əlavə edib ki, Ermənistanın Avropa istiqamətində irəliləməsi təkcə İrəvanın istəyindən asılı deyil. Bu prosesdə Avropa İttifaqının Ermənistanı üzvlüyə qəbul etməyə hazır olması da mühüm rol oynayacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: