Polşanın Baş naziri Donald Tusk Rusiyanın sərhəddə törətdiyi təxribatların Varşavanı sayıqlığını itirməyə məcbur qoya bilməyəcəyini deyib.
Globalinfo.az xəbər verir ki, Tusk Rusiyanın mümkün təxribatlarına qarşı Polşanın yüksək hazırlıq səviyyəsini qoruyacağını diqqətə çatdırıb.
“Rusiyanın təxribatları bizim sayıqlığımızı sarsıda bilməz. Kremlin addımlarını düşünmədən dəstəkləyən siyasətçilər anlamalıdırlar ki, Polşanın təhlükəsizliyi siyasi oyunların predmeti deyil”, – o bildirib.
Baş nazirin sözlərinə görə, Rusiyanın siyasi məqsədləri arasında Avropada sabitliyi pozmaq, beynəlxalq hüquqa məhəl qoymamaq və Ukraynanı dünya arenasından təcrid etmək var.
Tusk qeyd edib ki, gecə yarısına az qalmış Sərhəd Mühafizəsi Xidmətindən Rusiya-Polşa sərhədində şübhəli fəallıqla bağlı məlumat alıb. Belə ki, sərhəd ərazisində fənərlərlə hərəkət edən şəxslər müşahidə olunub. Hadisəyə operativ reaksiya verən Polşa hakimiyyəti əraziyə lazımi qüvvə və vasitələr cəlb edib və mümkün təxribatın qarşısını alıb.
Baş nazir əlavə edib ki, Polşa və müttəfiq ölkələrin xüsusi xidmət orqanları noyabrın ilk yarısında sərhəddə diversiya və təxribat cəhdlərinin mümkünlüyü barədə əvvəlcədən xəbərdarlıq ediblər. Bu səbəbdən Varşava sərhədyanı ərazilərə əlavə polis, sərhəd mühafizəsi və antiterror qüvvələri göndərib.
Baş nazir vurğulayıb ki, Rusiyanın gərginliyi artırmaq cəhdləri davam edə bilər. Ona görə də Polşa bu cür insidentlərə qarşı daim hazırlıqlı olmalıdır.
Əliyar Xəlil