İrana nüvə zərbəsi endiriləcəyi ilə bağlı yayılan iddialar beynəlxalq gündəmdə ciddi narahatlıq yaradıb. Hətta mümkün hədəf kimi Natanz nüvə obyektinin yaxınlığında yerləşən Külüng dağı (Pickaxe Mountain) da göstərilir.
İddialara görə, ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumət İsrailin təzyiqi ilə bu istiqamətdə qərar qəbul edə bilər. Lakin söhbət hələlik təsdiqlənmiş hərbi plandan deyil, mediada yayılan və rəsmi dairələr tərəfindən təsdiqlənməyən məlumatlardan gedir.
Məsələni daha da həssas edən isə ABŞ-ın İrana qarşı hərbi əməliyyatları yenidən genişləndirmək ehtimalının gündəmdə olmasıdır. Belə bir addımın atılması təkcə İran-ABŞ qarşıdurmasının deyil, bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının dəyişməsinə səbəb ola bilər.
Bəs Tramp həqiqətən nüvə silahından istifadə etmək qərarı verə bilərmi? Külüng dağı niyə mümkün hədəf kimi göstərilir? Belə bir zərbə regionu, xüsusilə Azərbaycanı hansı təhlükələrlə üz-üzə qoya və dünyanı daha geniş müharibə riskinə sürükləyə bilər?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İrana qarşı müharibə artıq yeni və daha təhlükəli mərhələyə keçmək ərəfəsindədir:
“Nəzərə alaq ki, İranın Natanz və Fordo nüvə obyektləri, xüsusilə də dağların altında yerləşən zənginləşdirilmiş uran infrastrukturu hərbi baxımdan mürəkkəb hədəflər hesab olunur. Bu obyektlərin sıradan çıxarılması adi aviasiya zərbələri ilə mümkün olmaya bilər.
Son dövrlər İsrailin İranın nüvə proqramına qarşı daha sərt hərbi addımların atılmasını tələb etməsi və ABŞ-ın mümkün əməliyyatlarda iştirakına dair müzakirələr narahatlıq doğurur.
Məsələnin əsas mürəkkəbliyi ondadır ki, İrana qarşı keçiriləcək hərbi əməliyyatlar onun zənginləşdirilmiş uran ehtiyatlarının tamamilə ələ keçirilməsinə və ya nüvə proqramının birdəfəlik aradan qaldırılmasına zəmanət vermir. Bu baxımdan zənginləşdirilmiş uranın üçüncü ölkəyə təhvil verilməsi kimi kompromis variantları da danışıqlar prosesində gündəmə gələ bilər.
Hesab edirəm ki, İran genişmiqyaslı hərbi təzyiq artacağı təqdirdə müəyyən güzəştlərə getmək məcburiyyətində qala bilər. Çünki Tehran üçün nüvə proqramının qorunması ilə dövlətin təhlükəsizliyinin təmin edilməsi arasında ciddi seçim yaranır.

Məhəmməd Əsədullazadə
Lakin ABŞ və İsrailin İranın nüvə obyektlərinə, xüsusilə də yeraltı infrastruktura nüvə zərbəsi endirməsi tamamilə fərqli və fəlakətli nəticələr doğura bilər. Bu, yalnız İran üçün deyil, Fars körfəzi ölkələri, Azərbaycan və Türkiyə üçün də ciddi təhlükəsizlik, ekoloji və geosiyasi risklər yaradacaq.
Belə bir presedent beynəlxalq münasibətlər sistemində nüvə silahından istifadə ilə bağlı mövcud qadağa və çəkindirmə mexanizmlərini sarsıda bilər. Hətta Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadə ehtimalını da artıran təhlükəli presedent formalaşa bilər.
Göründüyü kimi, İrana qarşı nüvə silahının tətbiqi təkcə regional müharibənin miqyasını dəyişməyəcək. Bu, bütövlükdə dünyanın siyasi və təhlükəsizlik nizamına vurulmuş ağır zərbə olacaq”.
Turan Rzayev
Globalinfo.az