Ankara-Bakı xəttində baş verənlərin görünən tərəfləri – Türkiyədə Azərbaycana qarşı informasiya hücumlarında istinad edilən motivlər “əsl səbəb nədir” sualına cavab vermir. İrəli sürülən versiyalarda da “pərdəarxasında nə var, strateji müttəfiqlərin toqquşduğu məsələ nədir” sualına tam cavab tapmaq çətindir. Hərçənd, bir məqam burada aydınlaşdırıcı ola bilər: Türkiyədə Azərbaycana qarşı Qarabağdan başlayaraq, hicab məsələsinə qədər uzanan kampaniya xarakterli infohücumlarda icraçılar müxtəlif qruplar və media subyektləri olsa da, hakim dairələr iki dəfə prosesə birbaşa qoşuldu, yaxud benefisiar rolunda çıxış etdi.
Birincisi, İranın Naxçıvana dron hücumu idi.
Buna qədər xüsusilə İsraillə münasibətlər üzərindən Azərbaycana irəli sürülən ittihamlarda hakim dairələrin rolu daha az görünürdü. İlk dəfə İranın Naxçıvan hava limanını dronla vurmasına Bakının sərt mövqeyi Ankarada süngü ilə qarşılandı. Hakimiyyətə yaxın media resurslarında (Albayrak qrupu), eləcə də siyasi çevrələrdə Bakı hücuma sərt reaksiya verməkdə ittiham olundu, hətta Naxçıvana hücumun İsrail tərəfindən təşkil edildiyi kimi iddialar tirajlandı. Hücuma məruz qalan Azərbaycan idi, Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyədə Bakı ittiham olunurdu.
İkincisi, vahid məktəbli geyimi ətrafında baş verənlər idi.
Naxçıvana hücumdan sonra Türkiyədə Azərbaycanla bağlı analoji infohücumlar davam etsə də, hakim dairələr arxa planda qalırdı. Hətta məktəbli geyimi məsələsindən bir neçə gün öncə BMT-də Netanyahunun çıxışı ilə bağlı məlum hadisədə də ittihamlar daha çox informasiya resurslarında təşkil edildi. “Hicab qadağası” məsələsində isə Türkiyə prezidentinin baş müşaviri Oktay Saral və AKP-li millət vəkilləri də daxil olmaqla rəsmi səviyyəyə yüksəldi.
Maraqlı olan Türkiyənin hicabla bağlı məsələlərdə başqa bir ölkəyə qarşı heç vaxt göstərmədiyi mövqeyi Azərbaycana qarşı sərgiləməsi idi. Misal üçün, Şimali Kiprdə, yaxud TDT üzvü olan digər ölkələrdə eyni qaydalar tətbiq edilib, lakin Türkiyə Azərbaycana verdiyi reaksiyanı göstərməyib. Bu detal təkcə əsl məsələnin hicab olmadığını göstərməklə yanaşı, “Azərbaycan Türkiyənin sərt reaksiya verəcəyini bildiyi üçün məktəblərlə bağlı bu addımı atdı, məqsəd gərginliyin yaradılmasıdır” iddialarını da çürüdür. Əksinə, hicaba görə yaxın çevrəsinə reaksiya verməyən Türkiyədən belə münasibətin olacağı Azərbaycan üçün gözlənilməz olduğu görünür.
Hücum həmişə olduğu kimi, yenə İrandan gözlənilirdi. Əslində məktəbli geyiminin indi, bir qədər də gözlənilməz olan tətbiqinin əsas məqsədinə dair ehtimallar prosesin pərdəarxasına diqqət çəkir. Daha öncə də bu haqda yazmışdıq: istisna deyil ki, məktəbli geyimi ilə bağlı məsələ “idarəolunan xaos”un yaradılması və Azərbaycanın dini-ideoloji məkanına hələ də qalan müdaxilə nöqtələrini müəyyənləşdirmək, regionda hadisələrin ehtimal olunan mümkün inkişafından öncə neytrallaşdırmaq gedişidir.
Türkiyə prosesə müdaxiləsi ilə İranı arxa plana atdı, belə demək mümkünsə, baryer rolunu oynadı. Bu, həm də Azərbaycanın ehtimal olunan planını pozmaq cəhdi kimi görünür.
Və Naxçıvana hücumda olduğu kimi, bu dəfə də Türkiyədə hakim dairələr məhz İrana görə Azərbaycana qarşı mövqe sərgilədilər.
Bu detallar Bakı və Ankara xəttində strateji toqquşma nöqtəsinin İran olduğu versiyasını gücləndirir. Məsələ o deyil ki, Azərbaycan İrana əks-cəbhədə yer alır, əksinə, Bakı zaman-zaman Tehrandan qaynaqlanan süni gərginliyə rəğmən qonşuluq prinsipinə sadiqdir və müharibənin dayanmasını, münaqişənin danışıqlar masasında həllini istəyir, bunu həm siyasi, həm praktik addımlarında nümayiş etdirib. Lakin İranla yanaşı, Türkiyədə də Azərbaycanın əks-cəbhədə yer aldığı rəyi formalaşdırılır, Naxçıvana hücum zamanı da, son proseslərdə də tirajlanan iddialardan biri budur.
İranla bağlı həlledici prosesin olacağı gözləntisi var. Azərbaycan hadisələrin ondan asılı olmayan mümkün inkişafında içində Təbrizin də olduğu maraqlarını düşünmək məcburiyyətindədir. Bu perspektivdə Türkiyənin İran, həm də bölgənin gələcəyi ilə bağlı maraqları Azərbaycanla üst-üstə düşmür.
Asif Nərimanlı
Publika.az