Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada mümkün terror aktı ilə bağlı əldə edilən məlumatların təqdim olunmasına görə ABŞ hüquq-mühafizə orqanlarına təşəkkür edib.
Globalinfo.az-ın məlumatına görə, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzibdən bildirilib.
Qeyd olunub ki, Amerika tərəfinin təqdim etdiyi məlumat Rusiya Milli Qvardiyası, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində yoxlanılıb və təsdiqlənib.
Qurumun açıqlamasına əsasən, oktyabrın 31-də Moskvanın Tsaritsyno Muzey-Qoruğunda terror aktı törətməyi planlaşdırdığı ehtimal edilən yeniyetmə saxlanılıb.
FSB-nin məlumatına görə, əməliyyat bir gün əvvəl əldə edilən məlumatların araşdırılması nəticəsində həyata keçirilib. İlkin məlumatlar yeniyetmənin “TikTok” hesabında paylaşdığı videodan götürülüb.
Həmin videoda yeniyetmə taktiki geyimdə, balaklava, papaq, eynək və qulaqlıqla, silaha bənzər əşya tutduğu görüntüləri paylaşıb. O, həmçinin Tsaritsyno ərazisində çəkilmiş fotolarına “Mən yer tapdım” şərhini yazıb.
FSB bildirir ki, videoda görünən əşyalar saxlanılan şəxsin yaşadığı ünvanda aşkar edilib. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Tahir Turan
Globalinfo.az