karol

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə Prezidenti Karol Navroçkinin Ukrayna və Avropa İttifaqı ilə bağlı siyasətini tənqid edib. 

Globalinfo.az xəbər verir ki, nazir bu barədə “TVN24” telekanalına müsahibəsində danışıb.

O, Prezidentə Ukraynaya qarşı skeptik münasibətini yumşaltmağı tövsiyə edib.

Sikorski dövlət başçısından ABŞ-dan Ukraynaya deyil, Rusiyaya təzyiq göstərilməsini istəyib:

“Navroçkinin Avropa İttifaqını tənqid etməsi ölkənin birlikdən çıxarmaq istəyi anlamına gəlir. Biz Polşanın Aİ-dən çıxarılmasına imkan verməyəcəyik”.

Sikorskinin prezidentə qarşı səsləndirdiyi tənqidlər ölkədə baş verən qarşıdurmalar fonunda gündəmə gəlib.

Qeyd edək ki, oktyabrın 30-da axşam saatlarında Varşavada etirazçılar Konstitusiya Tribunalının binası qarşısında toplaşıblar. Onlardan bəziləri binaya daxil olmağa cəhd göstərsə də, polis buna mane olub və bir neçə nəfəri saxlayıb. Toplaşanlar arasında “Hüquq və Ədalət” partiyasının sədri və müxalifət lideri Yaroslav Kaçinski, eləcə də keçmiş baş nazir Mateuş Moravetski də olub.

Gərginlik məhkəmə rəhbərliyi ətrafında yaranan münaqişə səbəbindən daha da artıb. Məhkəmənin saytında onun sədri Boqdan Svençkovskinin və müavini Bartlomey Soxanskinin vəzifədən kənarlaşdırılması barədə məlumat yerləşdirilib. Hakim Anna Korvin-Piotrovska isə ən təcrübəli hakim kimi özünü tribunalın sədr əvəzi elan edib.

Baş verənlərlə əlaqədar Navroçki Seneqala uçuşunu yarımçıq dayandıraraq Varşavaya qayıtmaq qərarı verib. O, məhkəmə binasına daxil olmağa çalışarkən qarşıdurma yaşanıb. Daha sonra prezident baş verənləri “konstitusion dövlət orqanının zorla ələ keçirilməsi” adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: