Ermənistanın Şirak vilayətinin qubernatoru David Aruşanyanın Gümrü sakinləri ilə bağlı açıqlaması Rusiya səfirliyinin etirazına səbəb olub.
Globalinfo.az xəbər verir ki, oktyabrın 17-də Aruşanyan müxalifətdəki “Güclü Ermənistan” partiyasının təşkil etdiyi bayram tədbirlərini tənqid edərək onları növbəti siyasi şou adlandırıb.
Qubernator açıqlamasında Gümri şəhərinin və sakinlərinin siyasi məqsədlər üçün istifadə edilməsinə qarşı çıxaraq “Gümri sizin “Aşağı Taborunuz” deyil və Gümrü sakinləri sizin “İvanlarınız deyil” ifadəsini işlədib.
Rusiyanın Ermənistandakı səfirliyi isə bu açıqlamaya münasibət bildirərək “İvanlar” ifadəsinin alman nasistlərinin ritorikası ilə assosiasiya yaratdığını qeyd edib.
Diplomatik nümayəndəlik, həmçinin Şirak vilayətində 102-ci Rusiya hərbi bazasının yerləşdiyini və Rusiya sərhədçilərinin burada xidmət etdiyini xatırladıb. Səfirlik etnik nifrəti qızışdıra biləcək açıqlamalara qarşı xəbərdarlıq edib.
Tahir Turan
Globalinfo.az