Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.
Globalinfo.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha ağır şəraitdə yaşayan ailələrə üstünlük verildiyi bildirilib.
Qəbul zamanı müraciətlər fərdi qaydada araşdırılıb, bir sıra qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb, digər suallar üzrə qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib.
