“Azərbaycanın dünyəvi dövlət modeli ölkənin konstitusion quruluşunun, ictimai münasibətlər sisteminin və müasir inkişaf strategiyasının mühüm əsaslarından biridir. Bu modelin mahiyyəti dini dəyərlərin inkarında deyil, dövlətin dinə münasibətdə hüquqi mövqeyinin müəyyənləşdirilməsində, bütün dini etiqadların qanun qarşısında bərabərliyinin və vicdan azadlığının təmin edilməsində ifadə olunur”.
Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova deyib.
Politoloq bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, din dövlətdən ayrıdır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır:
“Konstitusiyanın 48-ci maddəsi isə hər kəsin vicdan azadlığını, istədiyi dinə etiqad etmək və ya heç bir dinə etiqad etməmək hüququnu təsbit edir. Bu müddəalar bir-birinə zidd deyil, əksinə, dövlət-din münasibətlərinin hüquqi çərçivəsini tamamlayır.
Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, məktəblərdə geyim qaydaları ətrafında aparılan müzakirələrə də hüquqi və prinsipial yanaşmaq lazımdır. Dövlət ümumi təhsil müəssisəsi yalnız bilik verilən məkan deyil, eyni zamanda uşaqlarda dünyagörüşünün, sosial məsuliyyətin və qanuna hörmətin formalaşdığı ictimai mühitdir. Burada müəyyən edilən qaydalar təhsil prosesinin təşkili və vahid məktəb mühitinin qorunması məqsədi daşıyır. Həmin qaydalara riayət olunması tələbi özlüyündə dini etiqada qarşı münasibət kimi təqdim edilməməlidir.

Aytən Qurbanova
Bu məsələnin ictimai müzakirəsində emosional yanaşmaların və yanlış müqayisələrin qarşısını almaq xüsusilə vacibdir. Dünyəvilik dini inancların cəmiyyətdən kənarlaşdırılması deyil, əksinə təhsil siyasətinin dini göstərişlərdən deyil, hüquqi prinsiplərdən və dövlətin müəyyən etdiyi ümumi qaydalardan çıxış etməsidir. Nəticə etibarilə, Azərbaycanın dünyəvi dövlət modelinin qorunması həm vicdan azadlığına hörməti, həm də qanunla müəyyən edilmiş təhsil qaydalarına əməl olunmasını tələb edir. Bu iki prinsip arasında qarşıdurma yaratmaq əvəzinə, onların hüquqi mahiyyətini cəmiyyətə düzgün izah etmək lazımdır. Çünki dünyəvi təhsil yalnız normativ tələb deyil, eyni zamanda bilik, bərabərlik, müstəqil düşüncə və ortaq vətəndaşlıq məsuliyyəti üzərində qurulan təhsil mühitinin əsas şərtlərindən biridir”.
Turan Rzayev
Globalinfo.az