BeFunky collage 4

Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin sərhədi keçərək Ermənistanın Şəki kəndinə rahatlıqla daxil olması hakim Vətəndaş Müqaviləsi Partiyası daxilində müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, hakim komandadakı bəzi şəxslər insidentin ölkənin təhlükəsizlik və sərhədlərin qorunması ilə bağlı əvvəl səsləndirilən bəyanatlarla ziddiyyət təşkil etdiyini düşünürlər. Həmin şəxslər hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini bildirirlər.

Hakim partiya daxilində bəzi şəxslərin fikrincə, Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Davit Sanamyanın məsul şəxs kimi önə çıxarılması kifayət deyil. Onlar MTX direktoru Andranik Simonyanın da vəzifədən azad edilməsi məsələsinin gündəmə gətirilməsini mümkün variant hesab edirlər.

Müdafiə naziri Suren Papikyanla bağlı isə hakim komanda daxilində vahid mövqenin olmadığı bildirilir.

Papikyanı dəstəkləyənlər hesab edirlər ki, Ermənistan ərazisinə daxil olan azərbaycanlı hərbçinin məsələsi MTX-nin Sərhəd Qoşunlarının səlahiyyətində olub. Nazirin fəaliyyətini tənqid edənlər isə əks arqument irəli sürərək bildirirlər ki, ordu öz məsuliyyət zonasına uyğun fəaliyyət göstərsəydi, belə bir insident baş verməyə bilərdi.

Məlumata görə, MTX direktorunun hadisə ilə bağlı Ermənistan parlamentinə çağırılması da istisna edilmir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: