Azerbaycan Turkiye 5489

Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğu qarşısında “hicab qadağasına etiraz” adı ilə aksiya keçirilib. 2011-ci ildə də konsulluq qarşısında oxşar aksiya təşkil edilmişdi. 15 il sonra keçirilən aksiyada İranın Azərbaycana qarşı irəli sürdüyü tezislərin Türkiyədə də dəstəkləndiyi iddia olunur.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan hüquqi və demokratik dövlətdir:

“Ölkədə dövlət–vətəndaş münasibətləri qanun və hüquq çərçivəsində tənzimlənir. Konstitusiyaya əsasən, hər kəsə etiqad və din azadlığı tanınır. Ancaq bu, kənar qüvvələrin həmin azadlıqları manipulyasiya edərək vətəndaşların ideoloji və dini düşüncələrini istismar edə bilməsi demək deyil. Təəssüf ki, belə cəhdlər həmişə olub və bundan sonra da olacaq. Mənə elə gəlir ki, Azərbaycan bu istiqamətdə əsas problemi həll edib. Ölkə daxilində vətəndaşların dini inanclarını istismar edərək onları öz dövlətinə qarşı qoymaq istəyən qüvvələrin əlləri Azərbaycanın içərisindən kəsilib. Ona görə də bu gün belə aksiyalar Azərbaycandan kənarda keçirilir”.

Deputat bildirib ki, belə metodlarla heç nəyə nail olmaq mümkün deyil:

“Çünki Azərbaycan xalqı yüksək savadlı xalqdır. Azərbaycan xalqı öz inancını hansısa imperialist ölkənin məzhəb təəssübkeşliyi və radikalizmi üzərində deyil, tarixən bizə xas olan inanc sistemi üzərində qurur. Azərbaycan xalqı radikal məzhəbçiliyi deyil, həqiqi İslamı seçən xalqdır. Bu da, əlbəttə, hər şeydən əvvəl İranı narahat edir. Çünki İran məzhəb amilindən istifadə etməklə öz vətəndaşı olan 40 milyon azərbaycanlını başqa bir etnik qrupun hegemonluğu altında saxlaya bilir. Eyni kartı bizimlə də oynamaq istəyir. Amma təcrübə göstərdi ki, bu mümkün deyil.

Əksinə, Azərbaycanda mövcud olan din və söz azadlığı, milli hissiyyat və milli kimliyin qorunması ölkə xaricində yaşayan bütün azərbaycanlıların qürur mənbəyi, onlar üçün yaxşı modeldir”.

H.Babaoğlu qeyd edib ki, Azərbaycana qarşı bu addımı İstanbulda, konsulluğumuzun qarşısında kim təşkil edibsə, həmin addım bumeranq kimi onun öz ölkəsinə qayıdacaq:

“Konsulluğumuz qarşısında təşkil olunan aksiya bir məsələni də aydınlaşdırdı. Bəlli oldu ki, son günlərdə Azərbaycan–Türkiyə münasibətlərini korlamaq istəyən fəalların ideoloji mənbəyi haradan qaynaqlanır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: