Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteynlə oyundakı nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə yığmamızın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda Lixtenşteyn yığması ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu haqqında fikirlərini bölüşüb:
“Qələbə qazanmaq istəyirik, alınmadı. Vəziyyətimizi daha da çətinləşdirdik. Epizodlardan istifadə edə, tempi qaldıra bilmədik. Günahkar axtarmayacağıq, məsuliyyət məndədir. Futbolçular çalışdılar, alınmadı”.
A.Abbasov istədikləri kimi çıxış edə bilmədiklərini vurğulayıb:
“Nəticədən narazı qalanların hər biri haqlıdır. Bu gün rəqibi udmağa məcbur idik. Performansımızdan zəif çıxış etdik. Bunun çıxış yolu Litva ilə oyunda qalib gəlməkdir. Müqaviləmiz qışadəkdir. Biz buraya ağır dönəmdə gəldik, çəkinmədən məsuliyyəti üzərimizə götürdük. Rəhbərlik hansı qərarı versə, onlarla razıyam”.
Baş məşqçi komandanı növbəti oyuna hazırlamağın çətin olacağını söyləyib:
“Heyətdə dəyişikliklər olacaq. Futbolçularla danışacağıq. Real danışmaq lazımdır, komandamı tərifləməyəcəm. Qələbə qazanan komandaya gəlməmişdim. İslandiya seçməsi bizə gəzə-gəzə beş qol vurmuşdu. Bu gün o yoxdur. Milli komandada istək var”.