Ankara Baki haifa1

Şər qarışırdı…
Ardıcıl atəş səsləri eşidildi sosial şəbəkələrdən…
Güllənin biri gicgaha atılmışdı, biri qardaşa…

Bəli, yenə kimlərsə Türkiyə ictimai rəyində Azərbaycanı nüfuzdan salmaq üçün məqsədyönlü və sistemli kampaniyaya başlayıb.

Əllərində isə cəmi bircə “silah” var: Azərbaycan-İsrail münasibətləri.

Bunu da yerli ictimaiyyət üçün həssas olan Qəzza məsələsi üzərindən edirlər. Sanki İsrailə Qəzzanı vuran silahları Türkiyənin müttəfiqi ABŞ yox, Azərbaycan verib.

Axı Qəzzanın yerlə yeksan edilməsində rol oynayan ölkənin hansı olduğunu bilirsiniz. Bəs niyə səsiniz çıxmır? Niyə demirsiniz ki, biz ABŞ-la əlaqələri kəsməliyik.

Demirsiniz, çünki sizin dərdiniz Qəzza deyil, Azərbaycanı qaralamaqdır.

ABŞ İsrailə hər il hərbi yardım göndərir. Bu yardımların bir qismi İsrailin Hayfa limanına gətirilir, oradan hərbi bazalara göndərilir və oradan da Qəzza vurulur. Bu o limandır ki, inşasında Türkiyənin “Yılmazlar Construction Group” şirkəti də yer alıb.

Türkiyədəki sorğularda ağrılı nəticə

Türkiyədə azı 5-6 sorğu izləmişəm: müxbir küçədə vətəndaşlara sual verir ki, “Qəzzada döyüşməyə gedərsiniz?” Əksəriyyəti deyir, gedərik, canımızı da verərik. Müxbir “onda ad-soyadınızı yazaq, sizi Qəzzada döyüşməyə aparırıq” deyəndə hərəsi bir bəhanə ilə aradan çıxır.

Bu isə onu göstərir ki, Türkiyə ictimai rəyində “Qəzza həssaslığı”nın formalaşmasında rasional arqumentlər yox, emosional amillər rol oynayır.

Heç bir türk qəlbinin dərinliklərində özünün də, əsgərinin də Qəzza uğrunda döyüşməsini istəməz. Ki, bunu sorğularda da görürük. Gənclərin çoxu dedi ki, getmərəm, əsgərimin də döyüşməsini istəmərəm.

Digər məsələ: Fələstinlə biz də həmrəyik – dövlət və xalq olaraq ora yardımlar edirik, atəşkəsin dərhal təmin edilməsinə çağırırıq.

Bu məsələ Türkiyəni Azərbaycandan fərqləndirən hansı aktdır? Hansı məsələdir ki, qardaş Türkiyə onu Qəzzada edir, Azərbaycan etmir?!

Sual ritorikdir.

Heç nə unudulmur, heç kim yaddan çıxmır…

Türkiyə ictimaiyyəti bilməlidir ki, iki ölkə arasındakı münasibətləri zədələməyə, xalqlarımız arasında qarşıdurma yaratmağa çalışan müəyyən çevrələr mövcuddur.

Və onlar daim fəaliyyətdədirlər.

Axı bilirsiniz ki, dünyada sizin Azərbaycandan başqa qardaşınız yoxdur.

Axı bilirsiniz ki, çətin anlarınızda ilk üz tutacağınız və dərhal yardım, dəstək görəcəyiniz ölkə Azərbaycandır.

Axı Türkiyədəki zəlzələ, digər fəlakətlər, meşə yanğınları zamanı Azərbaycanın dövlət qurumları əməkdaşlarının necə canfəşanlıqla çalışdığını hamınız görmüsünüz.

Axı faciələr zamanı başqa ölkələr kömək təklif edəndə Azərbaycan yardım təyyarələrini Ankaraya, İstanbula endirirdi.

Bakının Ankara üçün tarixi həmləsi

Çox yox, cəmi 2-3 ay əvvəl İsrail qondarma “erməni soyqırımı”nı tanımağa hazırlaşanda köməyə Azərbaycan gəlmədimi? Bunu İsrail hökumət mənbələrinə yaxın saytlar da tirajladı. Yazdılar ki, Azərbaycanın qəti mövqeyindən sonra İsrail qondarma “erməni soyqırımı” məsələsini gündəlikdən çıxardı.

Onda Türkiyədə böyük kəsim Azərbaycanı “tək qardaşımız” elan etmişdi.

Nə oldu bəs? İsraillə dostluğumuz işinizə yarayanda qardaş oluruq, yaramayanda düşmən?

İndi isə gələk əsas reallıqlara…

Azərbaycan XXI əsrdə münaqişəni ÖZ ORDUSUNUN GÜCÜNƏ, tam və mütləq qələbə ilə həll etmiş yeganə ölkədir. Supergüclərin, nüvə giqantlarının müharibələr qarşısında aciz qaldığı bir vaxtda Azərbaycan 30 illik mürəkkəb münaqişəni Tarixi Zəfərlə həll edib.

Azərbaycan öz Prezidentinin “heç kəs bizi dayandıra bilməz” fikrini yalnız bəyanatla deyil, real addımlarla təsdiqləmiş dövlətdir.

Ən başlıcası: Azərbaycan öz siyasi iradəsini müstəqil şəkildə müəyyən edən dövlətdir. Hansı ölkə ilə hansı səviyyədə münasibət qurmaq, əməkdaşlığın çərçivəsini müəyyənləşdirmək Azərbaycanın özünün verəcəyi qərardır.

Yekun

Mən şübhə etmirəm ki, sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycana qarşı aparılan kampaniyanın arxasında konkret maraqlar və qüvvələr dayanır. Bu kampaniyanın məqsədi Azərbaycanla Türkiyə arasında etimadı zəiflətmək və bunun fonunda Ankara-İrəvan münasibətlərinin normallaşmasına, sərhədlərin açılmasına zəmin yaratmaqdır.

Əsas məsələ isə Türkiyədəki qardaşlarımızın bu reallıqları bilməsi, proseslərin mahiyyətini düzgün dəyərləndirməsi və buna uyğun mövqe sərgiləməsidir.

Çünki şər qarışır… Bəli, işimizə şər qarışır…

WhatsApp Image 2025 11 15 at 02.29.58

Aqşin Evrən
Globalinfo.az

Paylaş: