WhatsApp Image 2026 05 12 at 22.48.31 1

Azərbaycanda fahişəliyin leqallaşdırılması məsələsi siyasi müstəvidə müzakirəyə çıxarılıb. ÜMİD Partiyasının sədri İqbal Ağazadənin bu sahənin leqallaşdırılmasını təklif etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Təklifə münasibət bildirən deputat Aqil Abbas məsələnin müzakirəsini belə yersiz hesab etdiyini deyib. Azad Vətən Partiyasının sədri Akif Nağı isə bu yanaşmanın Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun olmadığını bildirib.

Globalinfo.az-a danışan ÜMİD Partiyasının sədri İqbal Ağazadə fahişəliyin leqallaşdırılması ilə bağlı fikirlərini Azərbaycan mentalitetinə uyğun olaraq irəli sürdüyünü bildirib:

Azərbaycan mentalitetinin bilicisi kimi deyirəm, cəmiyyətdə gördüklərim, ətrafımızda baş verənlər fahişəliyin leqallaşdırılması ilə bağlı qanunun tərtib olunmasını zəruri edir. Dostlarımız deyir ki, Azərbaycan müsəlman ölkəsidir. Müsəlman ölkəsidirsə, onda araq içmə. Müsəlman ölkəsidir, namaz qılıb, oruc tutursunuz? Heç birini etmədiyiniz halda “müsəlman ölkəsi” demək düzgün yanaşma deyil.

Bu məsələlərdə hər kəs qeydiyyatdan keçməlidir. Görmürlər ki, hər yerdə hansı əxlaq normaları və ya prinsiplər pozulur? Deyirik ki, qeydiyyatdan keçsinlər, dövlət rüsumu, vergi, sağlamlıq sənədi tətbiq edilsin. Nəticədə nə olsun? İctimai qınaq bu şəxsləri həmin yoldan çəkindirsin. Yoxsa “tutulmayan oğru xandan bəydən doğrudur” misalı ilə yaşayırıq”.

İ.Ağazadə deyib ki, məqsədi cəmiyyətin düzəninin pozulmamasıdır:

“İstəyirəm, onlar artıq qeydiyyatdan keçmədən bu işlə məşğul olmağın cinayət məsuliyyəti yaratdığını görüb, həmin “peşə”dən uzaq dursunlar. Yoxsa kefimizdən demirik ki, leqallaşdırın. Bu məsələ mütləq həllini tapmalıdır.

Təkcə fahişəlik deyil. Azərbaycanda Cinayət Məcəlləsində narkotiklə bağlı müddəalar var. Konkret olaraq istifadə üçün yox, satış üçün nəzərdə tutulan və yaxud da istifadədən artıq miqdarda olduqda cinayət məsuliyyəti yaradır. Onda bu cinayət məsuliyyətinə uyğun olaraq suallar ortaya çıxır. Haradan alırlar istifadə üçün? İstifadə üçün bu narkotikin alındığı yer varmı? Demək ki, onun satışı qeyri-qanunidir. Biz də deyirik ki, bunun satışını qanuni edək, adamlar da qeydiyyata düşsün. Cəmiyyət də bilsin ki, filankəs narkomandır, sağalmır. Kim qeydiyyata düşməyən yerdən narkotik alırsa, 20 il həbsə məhkum edilsin”.

Partiya sədri bildirib ki, Azərbaycanın yeni mərhələdən milli-mənəvi dəyərlərini qoruyaraq çıxmasını istəyir:

Milli-mənəvi dəyər nəyinsə üstünü örtmək deyil, qanunla hər şeyi normaya salmaqdır. Narkotikin də, fahişəliyin də qanunla tənzimlənməsi həm insanların bu işlə məşğul olanları tanımasına, həm də bu yoldan çəkinməsinə zəmin yaradar. Biz bunları deyirik. Çox təəssüf ki, fikrimi yanlış anlayırlar və milli-mənəvi dəyərlərin altında pərdələnərək mənə dərs keçməyə çalışırlar”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: