milli meclis esas

Milli Məclisin İnsan hüquqları komitəsinin ötən gün keçirilən iclasında hökumətin fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı tənqidi fikirlər səsləndirilib. Deputatlar səhiyyə, sosial xidmətlər, regionların inkişafı, Bakıdakı yol və nəqliyyat problemlərini gündəmə gətiriblər. Eyni zamanda, paytaxtda nəqliyyat sıxlığı və əhali artımının yaratdığı problemlər də müzakirə olunub.

Parlamentin hökuməti sərt tənqid etməsi nəyisə dəyişə biləcək?

Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, millət vəkillərinin, xüsusilə də onların 60-70 faizinin 30 ilə yaxındır deputatlıq fəaliyyəti ilə məşğul olanların şəhərsalma sahəsindəki problemlərlə bağlı mövqeyi sual doğurur:

“Bakıda illərdir davam edən düzgün olmayan tikinti və memarlıq yanaşmaları nəqliyyat, infrastruktur sisteminə ciddi təsir göstərib. Bəs bu məsələlərlə bağlı niyə indiyədək açıq və ciddi mövqe bildirilməyib? Əgər vaxtında bu məsələlərlə bağlı ciddi mövqe ortaya qoyulsaydı, qanunvericilikdə normal və kifayət qədər sərt tələblər müəyyənləşdirilsəydi, bu gün paytaxtın nəqliyyat və infrastruktur sistemi bu qədər yüklənmiş vəziyyətdə olmazdı. Şəhərsalma ilə bağlı qanunvericilikdə şəhər arxitekturasının qorunması, binalar arasındakı məsafələrin düzgün müəyyənləşdirilməsi, yaşayış binalarının ətrafında zəruri infrastrukturun, uşaq bağçalarının, məktəblərin, uşaqlar üçün oyun və istirahət məkanlarının təmin edilməsi ilə bağlı konkret və icrası məcburi normalar olmalı idi”.

ilqar

İlqar Hüseynli

İB sədri bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı effektiv qanunvericilik və onun icrasına nəzarət mexanizmləri yaradılmış olsaydı, regionlardan Bakıya bu qədər böyük insan axını baş verməzdi:

“Bu baxımdan, bu gün Milli Məclis deputatlarının həmin məsələlərlə bağlı fikir səsləndirməsi, təəssüf ki, artıq sadəcə fikir bildirməkdən o tərəfə keçmir. Çünki problemlərin böyük hissəsi artıq yığılıb və Bakıda demək olar ki, iflic vəziyyətə düşüb. Mövcud vəziyyətdən çıxmaq üçün isə çox böyük və kompleks işlərin görülməsi tələb olunur. Zamanında doğru qiymətləndirmə olsaydı, hazırda fərqli mənzərə ilə qarşılaşardıq. Bu tənqidlərin nəticəsi də olardı. Gecikmiş tənqid artıq bir şey ifadə etmir. İndi ancaq mövcud problemlərdən çıxış yolları tapılmalıdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: