xetai 1 scaled

Ötən gün Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərlə görüş və konsert keçirilib.

Globalinfo.az xəbər verir ki, ilk olaraq Ulu Öndər Heydər Əliyevin parkda yerləşən abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb və Ulu Öndərin əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Zahid Oruc, Qüdrət Həsənquliyev, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon prokuroru Sərdar İmanov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, məktəb direktorları, yüksək nailiyyət göstərərək tələbə adını qazanan gənclər və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edib.

İcra başçısı bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2025-2026-cı tədris ili də Xətai rayonu üçün uğurlu olub: “Belə ki, 2025-2026-cı tədris ilində orta məktəbi bitirən 4544 məzundan 3018-i tələbə adını qazanıb. 61 məzun 650-dən yuxarı bal toplayıb. İki məktəbin qəbul göstəricisi 100 faiz olub, 14 məktəb isə 80 faizdən yüksək nəticə göstərib. Həmçinin bu il 9 məzun məktəbi qızıl medalla başa vurub”.

Rafiq Quluyev qeyd edib ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirməsi və təhsil işçilərinə göstərilən hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.

Həmçinin bildirilib ki, təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara cavab verən yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir.

Daha sonra çıxış edənlər gəncləri təbrik edərək bildiriblər ki, “Təhsil millətin gələcəyidir” ifadəsini şüara çevirən Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulayıb və rəhbərlik etdiyi bütün dövrlərdə ölkədə təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb. Bu qayğı bu gün də uğurla davam etdirilir.

Çıxışlarda qeyd olunub ki, Prezidenti İlham Əliyevin “Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır” fikri ölkədə təhsilin ümumi inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini göstərir. Təhsil insanın potensialını üzə çıxarmasına, gələcəyin savadlı və peşəkar kadrı kimi formalaşmasına mühüm imkanlar yaradır.

Bildirilib ki, Azərbaycanın təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Gənc nəslə xüsusi diqqət və qayğı göstərilir, onların ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirak etmələri üçün geniş imkanlar yaradılır.

Sonda ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq tələbə adını qazanan gənclər çıxış edərək onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini bildiriblər.

Tədbirin davamında iştirakçılar üçün geniş konsert proqramı təqdim olunub. Konsert proqramında xalq artisti Miri Yusif, tanınmış müğənnilər Sevda Yahyayeva, Kazımcan, Aysel Əlizadə, Təyyar Bayramov, Zabitə Alıyeva və Babək Niftəliyev çıxış ediblər. Sənətçilərin ifaları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Sonda yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib.

Screenshot 7
Screenshot 8
Screenshot 9
Screenshot 10
Screenshot 11
Screenshot 12
Screenshot 13
Screenshot 14
Screenshot 15
Screenshot 17
Screenshot 16
Screenshot 18
Screenshot 19
Screenshot 20
Screenshot 21
Screenshot 22
Screenshot 23

Paylaş: