rayon erken nikah 11

Azərbaycanda yeniyetmə yaşında analıq faktları hələ də ciddi sosial problemlərdən biri olaraq qalır. Ötən il 15-17 yaş aralığında 877 qızın ana olması, onların 569-nun kənd, 308-nin isə şəhər ərazisində yaşaması problemin miqyasını göstərir.

Bu rəqəmlər yalnız statistika deyil, yeniyetmə qızların təhsildən və normal inkişaf imkanlarından erkən uzaqlaşması baxımından ciddi sosial riskdir.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva deyib ki, erkən evliliklərin qarşısının alınması istiqamətində dövlət tərəfindən mütəmadi tədbirlər görülür və qanunvericilikdə dəyişikliklər edilir:

Cinayət Məcəlləsində 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, İnzibati Xətalar Məcəlləsində isə 16 yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə və dini kəbin kəsilməsinə görə məsuliyyət tədbirləri müəyyən edilib”.

K.Əliyeva bildirib ki, bu istiqamətdə əhali arasında mütəmadi maarifləndirmə işləri də aparılır:

“2020-ci ildə Nazirlər Kabinetinin qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Qaydanın icrası 14 aidiyyəti quruma və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

kamila0eliyeva

Dövlət Komitəsi və onun tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən yeniyetmə və gənclərin erkən və qohum evliliklərin mənfi nəticələri barədə məlumatlılığının artırılması məqsədilə təhsil müəssisələrində və icmalarda maarifləndirici görüşlər keçirilir. Uşaq hüquqlarının müdafiəsi üçün 116111 qaynar xətti yaradılıb”.

Müavinin sözlərinə görə, görülən tədbirlərin nəticəsi olaraq son 15 ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayında 5-6 dəfə azalma müşahidə olunub:

“Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, Azərbaycanda 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildəki 4 497 nəfərdən 2025-ci ildə 877 nəfərə qədər azalıb. Dövlət tərəfindən lazımi tədbirlər görülsə də, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplər və patriarxal düşüncələr belə halların baş verməsinə səbəb olur. Bu da cəmiyyətin imkanlarını problemin həllinə yönəltməyin vacibliyini göstərir”.

Kamila Əliyeva qeyd edib ki, erkən evliliklərin baş verməsinə görə məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür:

“Bir çox hallarda qızlar valideynlərin təsiri ilə belə evliliklərə cəlb olunur. Nikaha və ya erkən evliliyə məcbur etməyə görə də Cinayət Məcəlləsində cəza tədbirləri müəyyən edilib. Belə halların qarşısının alınmasında müəllimlər təhsildən yayınan uşaqla bağlı dərhal aidiyyəti quruma məlumat verməlidir. Eyni zamanda, ərazi nümayəndələri də bu məsələdə fəal olmalıdır. Çünki əhali ilə daha sıx təmasda olan məhz onlardır”.

Kemale a

Kəmalə Ağazadə

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə isə deyib ki, hazırda erkən evliliklərlə bağlı müəyyən azalma müşahidə olunur:

“Amma hələ də çox ciddi təbliğat kampaniyaları aparılmalıdır. Xüsusilə sosial şəbəkələrdə maarifləndirmə işlərinin aparılması daha məqsədəuyğun olar. Nə qədər çox təbliğat aparılsa, “bu, bizim adətimizdir, biz belə görmüşük” deyənlərin və erkən evliliyə bu cür yanaşanların sayı bir o qədər azala bilər”.

K.Ağazadə bildirib ki, ucqar rayonlarda icra nümayəndələri, bələdiyyələr, qohumlar və müxtəlif çevrələr bu məsələdə müəyyən rol oynayır:

“Bu hallar daha çox regionlarda, xüsusilə də Aran bölgəsində müşahidə olunur. Amma Yardımlı, Cəlilabad və Masallıda da bu istiqamətdə iş aparmağa ehtiyac var.

15-17 yaşlarında ana olan qızların bir çoxunda bunun səbəbi cinsi münasibətlər nəticəsində hamiləliyin baş verməsidir. Bu fakt da mövcuddur. Amma regionlarda erkən evliliyin qanunla qadağan edilməsinə hələ də müqavimət göstərilir və bu, daha çox “ənənələrimiz belədir, biz belə görmüşük” yanaşmasından irəli gəlir. Əlbəttə ki, bu, çox ciddi problemdir. Düzdür, ötən illə müqayisədə rəqəmlər azalıb. Amma yenə də bu göstərici qorxuducudur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: