moskva kiyev

Rusiyalı filosof və ideoloq Aleksandr Duqin Ukraynadakı müharibənin gedişatı ilə bağlı yeni proqnoz səsləndirib. Duqin Kiyevin yaxın aylarda Rusiya qüvvələrinin nəzarətinə keçəcəyini iddia edib.

Bu, psixoloji müharibə, hücumdur, yoxsa reallıq? Duqinin dili ilə bu mesajın ötürülməsinin məqsədi nədir?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Duqinin belə qəti ifadələrlə çıxış etməsi onun siyasi missiyası nəzərə alınmaqla qiymətləndirilməlidir:

“Bilirik ki, Duqin Rusiyanın imperiya və “Rus dünyası” ideyasını müdafiə edən ən radikal ideoloqlardan biridir. Onun əvvəlki yazılarında və çıxışlarında da Ukraynanın müstəqil siyasi subyekt kimi mövcudluğuna qarşı sərt mövqe müşahidə olunub. Buna görə də onun Kiyevin tutulmasını “qaçılmaz nəticə” kimi təqdim etməsi təsadüfi deyil.

Lakin hazırkı hərbi mənzərə bu iddianın real proqnoz olmadığını ortaya qoyur. Hazırda Rusiya öz qüvvələrinin əsasən Donetsk istiqamətində irəliləməsinə çalışır. Rusiyanın əsas hərbi səyləri Slovyansk və Kramatorsk istiqamətində cəmləşib və bu da onu göstərir ki, qarşıdakı aylar Donetskdə ağır döyüşlərlə müşayiət oluna bilər. Bilirik ki, Rusiya 2026-cı ilin yay hücumu zamanı Ukraynanın müdafiəsini sürətlə dağıtmaq və operativ manevr yaratmaq məqsədinə nail ola bilmədi.

Bu baxımdan Kiyevin yaxın aylarda ələ keçirilməsi mümkün olmayan iddiadır. Kiyev Rusiya sərhədindən yüzlərlə kilometr məsafədə yerləşir və şəhərin tutulması üçün Rusiyanın indiki cəbhə xəttini çox böyük məsafədə yararaq Ukraynanın müdafiə sistemini faktiki olaraq çökdürməsi lazım gələcək. Hazırda isə belə bir operativ nəticənin əlamətləri görünmür. Əksinə, Ukrayna Qərbdən hava hücumundan müdafiə imkanlarını artırır və təxminən 1000 Patriot raketinin tədarükünü planlaşdırdığını açıqlayıb”.

yusif bagirzade 900x498 1
Yusif Bağırzadə 

Politoloq qeyd edib ki, Duqinin bu iddialarının əsas məqsədi psixoloji təzyiqdir:

“Kiyevin “sonunun yaxınlaşdığı” görüntüsünü yaratmaqla Ukrayna cəmiyyətində yorğunluq, qorxu və ümidsizlik hisslərinin gücləndirilməsinə cəhd edilir. Bu, xüsusilə hazırda şəhərin intensiv raket və dron hücumlarına məruz qaldığı bir şəraitdə əlavə psixoloji təsir yaratmağa hesablanıb.

Digər məqsəd, Rusiya daxilində qələbə narrativini möhkəmləndirməkdir. Moskva hazırda ABŞ vasitəçilərinin iştirakı ilə diplomatik danışıqlara paralel olaraq müharibəni davam etdirir. Belə məqamda Duqin kimi ideoloqların “Kiyevin ələ keçirilməsi qaçılmazdır” mesajı danışıqların psixoloji fonuna təsir göstərir.

Bu iddiaların ən mühüm məqsədi isə Qərbə mesaj verməkdir. Yəni Duqinin dili ilə həm Vaşinqtona, həm də ayrı-ayrı Avropa paytaxtlarına deyilir ki, Ukraynaya dəstək davam etsə belə, nəticə dəyişməyəcək.

Odur ki, mən bu bəyanatı psixoloji və informasiya müharibəsinin bir elementi kimi qiymətləndirməyin tərəfdarıyam. Rusiya Kiyevi uzaq məsafədən bombalamaq və şəhəri daim təzyiq altında saxlamaq imkanına malikdir, amma şəhəri quru qoşunları ilə tutmaq və ələ keçirmək tamam başqa miqyasda hərbi əməliyyat tələb edir ki, Rusiyanın da bunun üçün imkanları yoxdur. Başqa sözlə, Duqinin iddiaları qaçılmaz qələbə təsəvvürü yaratmağa yönəlmiş siyasi ritorikadan başqa bir şey deyil”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: