rusiya ukrayna 900x600 1

Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik səylər yenidən gündəmə gəlib. ABŞ nümayəndələri Fransa tərəfinə bildiriblər ki, Moskva Rusiyada keçiriləcək parlament seçkilərindən sonra danışıqların bərpasına hazır ola bilər.

Globalinfo.az xəbər verir ki, “Le Monde”un məlumatına görə, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerin Kiyevdə Avropa rəsmiləri ilə görüşü zamanı bu məsələ müzakirə olunub.

Fransa prezidentinin administrasiyasının nümayəndəsi bildirib ki, ABŞ tərəfi bazar günü keçirilən görüşdə Rusiyada Dövlət Dumasına seçkilərdən sonra Moskvanın danışıqlara münasibətində yeni hazırlığın yarana biləcəyini deyib.

“Amerikalılar bizə Rusiyanın Dövlət Dumasına seçkilərdən sonra danışıqlar prosesinin yeni mərhələsinə hazırlaşmalı olduğumuzu bildirdilər”, – Yelisey sarayının nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilərin 18–20 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır. Bununla yanaşı, Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 7-də ABŞ, Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpasının istisna edilmədiyini bildirib. O, konkret tarix və formatın hələ müəyyənləşdirilmədiyini vurğulayıb.

ABŞ nümayəndələrinin son günlər Moskva və Kiyevə səfərləri də danışıqlar prosesinin yenidən canlandırılması istiqamətində cəhdlərin intensivləşdiyini göstərir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: