İran hərbi qarşıdurmanı davam etdirməyə və ABŞ-a qarşı bir neçə ay müqavimət göstərməyə hazırdır. Bu qənaətə ABŞ kəşfiyyatı gəlib.
Globalinfo.az xəbər verir ki, “The New York Times” son həftələrdə hazırlanan kəşfiyyat hesabatlarına istinadən yazır ki, Tehran Yaxın Şərqdə hərbi imkanlarına əvvəlkindən daha çox güvənir.
Nəşrin məlumatına görə, İran bölgədəki hədəflərə zərbələr endirmək imkanlarına daha çox əmin olub və ABŞ-ın planlarını pozmaq üçün münaqişəni bir neçə ay davam etdirmək niyyətindədir.
ABŞ-ın keçmiş və hazırkı rəsmilərinin sözlərinə görə, müharibənin tam dayandırılması ilə bağlı razılaşma əldə etmək çətin olacaq. Onlar hesab edirlər ki, Tehran ABŞ-da aralıq seçkiləri ərəfəsində prezident Donald Trampın siyasi problemlərini daha da dərinləşdirməyə çalışa bilər.
Mənbələr yaxın həftələrdə İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələr endirməyə başlaya biləcəyini də istisna etmirlər.
Bundan başqa, ABŞ rəsmiləri hesab edirlər ki, iyulun sonunda ölkədə 100-dən çox su təchizatı sisteminə qarşı həyata keçirilən kiberhücumların arxasında böyük ehtimalla İranla əlaqəli haker qrupları dayanıb.
“The New York Times”ın mənbələrinə görə, İran haker qrupları ABŞ-ın neft-qaz infrastrukturuna da maraq göstərib.
Əliyar Xəlil