Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə səfir təyin edib. Dövlət başçısının sərəncamına əsasən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrəyə fövqəladə və səlahiyyətli səfir təyin olunub.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Vaqif Sadıqov 1956-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub. O, 1978-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. 1986-cı ildə filologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1991-ci ildə həmin institutun ingilis dili fakültəsində baş müəllim kimi fəaliyyət göstərib.
Vaqif Sadıqov 1992-ci ildən Xarici İşlər Nazirliyində çalışıb. O, Beynəlxalq Təşkilatlar idarəsinin birinci katibi, daha sonra hərbi-siyasi məsələlər üzrə şöbənin müdiri vəzifələrində işləyib.
1995–2004-cü illərdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin BMT-nin Vyana Bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və ATƏT yanında Azərbaycanın daimi nümayəndəsi olub.
1998–2004-cü illərdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001–2004-cü illərdə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycanın daimi nümayəndəsi vəzifəsini tutub.
2004–2010-cu illərdə Azərbaycanın xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. 2010–2016-cı illərdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri olub.
2016–2021-ci illərdə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsini icra edib.
Vaqif Sadıqov 26 iyul 2021-ci ildə Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, bu vəzifədə 10 avqust 2026-cı ilədək fəaliyyət göstərib.
Qeyd edək ki, diplomat ingilis, rus, fransız və alman dillərini bilir. Vaqif Sadıqov Bakı Avrasiya Universitetinin fəxri doktorudur.