İsrail-“Hizbullah” qarşıdurmasında yeni gərginlik yaşanıb. İsrail ordusu 2,5 ay davam edən döyüşlər və 11-ci hücum cəhdindən sonra Əli Tahir təpəsini “Hizbullah”ın nəzarətindən çıxardığını açıqlayıb.
Strateji əhəmiyyət daşıyan ərazinin itirilməsi qruplaşma üçün ciddi zərbə kimi qiymətləndirilir. Bu arada “Hizbullah”ın İrandan maliyyə yardımı istədiyi, lakin Tehranın hələlik tələb olunan vəsaiti təmin edə bilmədiyi iddia olunur. Bundan əvvəl İranın Əli Tahir təpəsi ilə bağlı İsrailə xəbərdarlıq etdiyi və qarşılıq veriləcəyini bildirdiyi barədə məlumatlar yayılsa da, Tehran cəbhəni genişləndirməkdən çəkinib.
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Əli Tahir təpəsinin itirilməsi İsrailin Livanın cənubunda müdafiə xəttini gücləndirməsi və “Hizbullah” üzərində taktiki üstünlük qazanması deməkdir:
“Strateji mövqeyə malik olan təpə “Hizbullah”ın hərəkət traektoriyasını izləmək və qruplaşmanı nəzarətdə saxlamaq imkanları verir. Buna görə təpə uğrunda gərgin mübarizə gedirdi. İndi “Hizbullah” hərbi taktika baxımından geriyə düşdü, lakin bununla barışacağı ehtimalı azdır. Hazırki məqamda qruplaşmanın imkanları məhdudlaşıb, xüsusilə müharibə vəziyyətində olan İranın dəstəyinin azalması fonunda mübarizə qabiliyyəti azalıb.
“Hizbullah” mümkün qədər “sağ qalmaq” uğrunda mübarizə aparır və istisna deyil ki, təpəni yenidən ələ keçirmək üçün gözləmə mövqeyindədir. Bu, həm də İranın göstərişi ola bilər. İran əsas diqqəti ABŞ-la razılaşmaya yönəldib, əgər mümkün anlaşma əldə olunarsa, bura “Hizbullah”a qarşı hücumların dayandırılması və İsrailin geri çəkilməsi şərtini də daxil etmək istəyir. Buna görə Əli Tahir təpəsinə nəzarətin itirilməsini müvəqqəti hesab edirlər.

Asif Nərimanlı
Paralel şəkildə, “Hizbullah”ın qüvvələrini yenidən toplamaq və təpəni geri almaq üçün hərbi planlar qurduğu da istisna edilməməlidir. Hadisələrin inkişafını ABŞ-İran qarşıdurması və danışıqların gedişi müəyyəmləşdirəcək.
İsrail isə bu təpəyə nəzarəti saxlamaq və “Hibullah” üzərində üstünlüyü artırmaq istiqamətində fəaliyyətini genişləndirə bilər. İsrailin məqsədi ABŞ-İran danışıqları fonunda qruplaşmanı maksimum sıradan çıxarmaqdır. İranla yanaşı, Livanda da toqquşmaların müəyyən intensivliklə davam edəcəyi görünür”.
Turan Rzayev
Globalinfo.az