“Bu görüş əvvəlkilərə nisbətən daha geosiyasi və strateji dərinliyi olan bir xətt meydana gətirdi. Hətta məncə, Prezident İlham Əliyevin sonuncu dövlət səfərini yalnız Azərbaycan–Özbəkistan münasibətləri çərçivəsində deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqazın dünya çapında yeni geosiyasi məkan kimi formalaşması kontekstində təsvir etmək lazımdır”.
Bunu Globalinfo.az-a analitk Elnur Ənvəroğlu deyib.
Analitik qeyd edib ki, əslində, 23 avqust 2026-cı ildə imzalanan “Əbədi Dostluq haqqında Müqavilə” və səfər zamanı Prezident İlham Əliyevin Mərkəzi Asiya ilə Azərbaycanın “vahid geosiyasi və geoiqtisadi region” olduğu barədə vurğusu məhz bu baxımdan mühüm siqnaldır:
“Bunu hər kəs etiraf edə bilər ki, Mərkəzi Asiya artıq böyük güclərin rəqabət meydanı olmaqdan çıxaraq, öz geosiyasi çəkisini artıran və Cənubi Qafqazla birlikdə yeni Avrasiya güc məkanı yaradan regiona çevrilir. Şübhəsiz ki, Azərbaycan bu prosesin kənarında deyil, əksinə, onun əsas bağlantı nöqtələrindən biridir. Bu səbəbdən də Azərbaycan-Özbəkistan tandemi daha böyük bir coğrafiyanın başlanğıcıdır. Bunu sadəcə iki ölkənin yaxınlaşması kimi təqdim etmək, zənnimcə, bir qədər dar yanaşma olardı.
Bəs nədir bu ölkələri güclü və avantajlı edən? Azərbaycanın üstünlüyü “Caspian gateway”, yəni Xəzər üzərindən Mərkəzi Asiyanı Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən coğrafi mövqeyidir. Özbəkistanın üstünlüyü isə tamamilə başqadır. Bu onun Mərkəzi Asiyanın demoqrafik, iqtisadi və siyasi ağırlıq mərkəzlərindən birinin olmasıdır. Sadəcə rəqəmlərə baxdıqda deyə bilərik ki, 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında tranzit yükdaşımalarının 1,4 milyon tona çatması, 2026-cı ilin ilk yarısında isə daha 12,2% artması bu geosiyasi xəttin artıq iqtisadi məzmun qazandığını göstərir. Bakı ilə Daşkənd artıq Orta Dəhlizin inkişafını və Xəzərdə birgə donanmanın yaradılmasını gündəmə gətirib. Bəlkə də buna sadə gözlə baxıb logistika adlandıra bilərik, amma əslində, logistika burada geosiyasətin infrastrukturudur”.
Analitik bildirib ki, baş verən proseslər fonunda xarici amillərə də, yəni Rusiya, ABŞ, İran və Çin faktoruna da toxunmaq yerinə düşər:
“Bəzən kənardan prosesləri şərh edənlər xüsusilə Rasiya faktoruna toxunarkən iki məsələni qarşıdırırlar. Birincisi, Azərbaycan və Mərkəzi Asiya birgə fəaliyyəti Rusiyadan uzaqlaşma və ya ona qarşı blok formalaşdırmaq kimi qiymətləndirilir. Bu isə tamamilə yanlış fikirdir. Düşünürəm ki, qarşılıqlı münasibətlərin dərinləşməsi artıq böyük güclərdən, xüsusən də Rusiyadan asılılığı azaltmaq məqsədi daşıyır. Unudulmamalıdır ki, Moskva təhlükəsizlik, əmək miqrasiyası, enerji, ticarət və tarixi əlaqələr baxımından hələ də Mərkəzi Asiya üçün böyük aktordur. Məsələn, 2026-cı ilin mayında Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana səfəri Moskvanın regiondakı təsirini qorumaq cəhdlərinin davam etdiyini göstərirdi. Sadəcə ortada bir fərq vardı ki, bu da əvvəlki modelin mövcud olmamasıdır. Çünki Mərkəzi Asiya dövlətləri əvvəlki formada təkcə Moskva istiqamətinə baxmır, baxış bucaqları artıq fərqlidir və Avropaya doğru meyillənmə mövcuddur. Yəni ümumi qənaətim budur ki, Azərbaycan Rusiyanı regiondan çıxaran dövlət kimi yox, Mərkəzi Asiyanın alternativ çıxış imkanlarını genişləndirən dövlət kimi çıxış edir.

Elnur Ənvəroğlu
İkincisi İran faktorudur. Hansı ki, bu da olduqca maraqlı tərəf hesab oluna bilər. Çünki Mərkəzi Asiyanın dünya bazarlarına çıxışında coğrafi olaraq İran əhəmiyyətli alternativdir. Cənub istiqamətində, yəni Fars Körfəzi və Hind Okeanına çıxışın əsas seqmentini məhz İran təşkil edir. İrandan fərqli olaraq isə Azərbaycan Xəzər üzərindən Türkiyə və Avropa qapılarına çıxış imkanları yaradır. Bu da dolayısı ilə Azərbaycanın İrana qarşı rəqabət aparması kimi qiymətləndirilir. Lakin mən məsələni sadəcə təbii imkanlardan faydalanaraq alternativlər təqdim etmək kimi səciyyələndirərdim. Bu, Azərbaycanın çoxvektorlu xarici siyasətinin ən praktik formalarından biridir”.
Analitikin sözlərinə görə, üçüncü mühüm faktor Çinin regiondakı rolu ilə bağlıdır:
“Pekin bu gün dünyada ən güclü və maraqlı oyunçulardan hesab oluna bilər. Çin Mərkəzi Asiyaya yalnız siyasi təsir baxımından yanaşmır. Burada onun üçün enerji, xammal, yeni bazarlar, logistika, dəmir yolları, rəqəmsal infrastruktur, “Bir Kəmər, bir yol” layihəsi və sairə kimi çox böyük maraqlar mövcuddur. Amma burada maraqlı paradoks yaranır. Çin Mərkəzi Asiyaya nə qədər çox daxil olursa, Azərbaycan üçün Orta Dəhlizin əhəmiyyəti də bir o qədər artır. Çünki bəllidir ki, Çin mallarının Avropaya alternativ marşrutlardan daşınması üçün Mərkəzi Asiyanın qərb istiqamətində Xəzər üzərindən çıxışı lazımdır. Bu səbəbdən Azərbaycan Çin faktorunu burada rəqib kimi görmür, əksinə, deyərdim ki, Azərbaycan Çin kapitalını və ticarət axınlarını özünün tranzit geosiyasi üstünlüyünə çevirə bilər.
Həmçinin Avropa üçün Mərkəzi Asiyanın əhəmiyyəti son illərdə ciddi şəkildə artıb. Brüssel regionla əlaqələrdə nəqliyyat, enerji, kritik xammal və rəqəmsal bağlantını ön plana çıxarır. Hətta artıq Avropa İttifaqının Qlobal Şəbəkə (Global Gateway) siyasəti çərçivəsində Mərkəzi Asiyanın Avropaya Transxəzər bağlantısının gücləndirilməsi dəstəklənir. Xatırladım ki, Avropa və beynəlxalq tərəfdaşlar 2024-cü ildə Mərkəzi Asiyada nəqliyyat layihələri üçün 10 milyard avroluq investisiya öhdəlikləri elan etmişdilər. ABŞ üçün isə məsələ bir qədər daha genişdir. Vaşinqton Mərkəzi Asiyanın strateji muxtariyyətinin qorunmasını və böyük gücün (Rusiyanın) təsir orbitindən kənarda olmasını istəyir.
Fikrimcə, Türk Dövlətləri Təşkilatı bütün bu xəttin siyasi çərçivəsidir. Burada belə nəticəyə gəlmək olar ki, həmin böyük güclər Mərkəzi Asiyaya əsasən iqtisadi, enerji və təhlükəsizlik maraqları ilə gəlirlər. Amma Azərbaycan və Türkiyə üçün isə ortaq dil, tarix, mədəniyyət və siyasi identiklik əsas amilləri təşkil edir. Azərbaycanın Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə əlaqələri bu baxımdan tamamilə başqa tipli regional şəbəkə yaradır. Hətta deyərdim ki, Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi, nəqliyyat və mədəni əlaqələrin institusional platformasına çevrilir və ən əsası Azərbaycan burada çox xüsusi mövqedə yer alır. Bir sözlə, Türk dünyasının geosiyasi coğrafiyası ilə Orta Dəhlizin coğrafiyası getdikcə bir-birinə yaxınlaşır”.
Turan Rzayev
Globalinfo.az