qafar ferrum

“Ferrum Kapital” QSC 2026-cı ilin ilk yarısını 3 milyon 387,1 min manat xalis mənfəətlə başa vurub. 

Globalinfo.az plat.az-a istinadən xəbər verir ki, yanvar-iyun aylarında “Ferrum Kapital”ın orta aylıq xalis mənfəəti təxminən 564,5 min manat təşkil edib.

Hesabat dövründə şirkət ümumilikdə 55 milyon 203,5 min manat məbləğində maliyyələşmə təqdim edib. Bunun müqabilində 12 milyon 722,5 min manat komissiya gəliri əldə olunub.

Hesabatdakı rəqəmlər əsasında, şirkətin komissiya gəlirlərinin təqdim etdiyi maliyyələşmənin ümumi həcminə nisbəti 23% təşkil edib. Xalis mənfəətin təqdim edilən maliyyələşməyə nisbəti isə 6,1% olub.

Qeyd edək ki, bu göstəricilər maliyyələşmənin illik gəlirlilik dərəcəsini deyil, hesabat dövründə əldə olunan gəlir və mənfəətin təqdim edilmiş ümumi maliyyələşmə məbləğinə nisbətini göstərir.

“Ferrum Kapital”ın əməliyyat və faiz xərcləri 8 milyon 488,6 min manat, vergidən əvvəlki mənfəəti 4 milyon 233,9 min manat, mənfəət vergisi isə 846,8 min manat olub.

Şirkət ən yüksək xalis mənfəəti may ayında əldə edib – 813,4 min manat. Apreldə xalis mənfəət 719,8 min manat, martda 634,8 min manat, iyunda 596,2 min manat, yanvarda 367,4 min manat, fevralda isə 255,5 min manat təşkil edib.

Beləliklə, 2026-cı ilin ilk yarısında şirkət ayda orta hesabla 9,2 milyon manat maliyyələşmə təqdim edib və təxminən 564,5 min manat xalis mənfəət əldə edib.

Qeyd edək ki, “Ferrum Kapital”ın səhmlərinin 68%-i Qafar Aydın oğlu Dəmirçiyə, 23%-i Mohammad Reza Habib Zadehə, 4,5%-i “AQA Şirkətlər Qrupu” QSC-yə, digər 4,5%-i isə “Vesta Investment” QSC-yə məxsusdur.

Paylaş: