Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff xüsusi xidmət orqanları arasında təmaslar üçün Moskvaya səfər edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Retkliff səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşməyib. Səfərin digər detalları barədə hələ ki məlumat verilməyib.
Retkliff Moskvaya niyə gedib? O, Rusiya rəsmiləri ilə hansı məsələləri müzakirə edə bilər?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu səfər diplomatik danışıqlardan daha çox kəşfiyyat kanalları vasitəsilə fövqəladə mesajların ötürülməsinə xidmət edir:
“ABŞ mediasının məlumatına görə, Vaşinqton Rusiya rəhbərliyinin mümkün yeni hərbi səfərbərliyə hazırlıq gördüyünə dair kəşfiyyat məlumatları əldə edib. Buna görə də Retkliff rusiyalı həmkarları ilə Ukraynadakı müharibənin daha genişmiqyaslı mərhələyə keçməsi, uzaqmənzilli zərbələrin yaratdığı risklər və Rusiya-NATO qarşıdurması ehtimalı barədə danışmış ola bilər. Əsirlərin və saxlanılan şəxslərin mübadiləsi, eləcə də İran ətrafında yaranan gərginlik də mümkün müzakirə mövzuları sırasındadır. Səfərin əvvəlcədən açıqlanmaması tərəflərin həssas məsələləri ictimai diplomatiyadan kənarda müzakirə etməyə üstünlük verdiyini göstərir”.

Züriyə Qarayeva
Politoloq qeyd edib ki, Peskovun açıqlamasına əsasən, Retkliffin Putinlə görüşü nə baş tutub, nə də əvvəlcədən planlaşdırılıb:
“Buna görə hazırda “Rusiya xüsusi xidmət orqanları vasitəsilə Putinə hansı mesajları çatdırıb?” sualı daha çox aktuallıq daşıyır. Retkliff mümkün səfərbərliyin və müharibənin genişləndirilməsinin ABŞ tərəfindən ciddi eskalasiya kimi qiymətləndiriləcəyini, həmçinin Vaşinqtonun Moskvanın gələcək addımlarını diqqətlə izlədiyini çatdırmış ola bilər. Eyni zamanda, bu təmas iki nüvə dövləti arasında yanlış hesablamaların qarşısını almaq və ən gərgin şəraitdə belə məxfi rabitə kanalını açıq saxlamaq məqsədi daşıyır. Kremlin səfərin təfərrüatlarını gizli saxlaması isə müzakirələrin son dərəcə həssas xarakter daşıdığı ehtimalını gücləndirir”.
Ləman İmran
Globalinfo.az