Xəbər verdiyimiz kimi, Ermənistanın Korrupsiyaya qarşı Mübarizə İdarəsi keçmiş prezident Robert Köçəryana və ailəsinə qarşı xüsusi əməliyyat keçirib. Nəticədə o və oğlanları Levon-Sedrak Köçəryanlar həbs ediliblər.
Globalinfo.az bildirir ki, Köçəryan ailəsinin əmlaklarında eyni anda keçirilən əməliyyatlardan bir neçə saat əvvəl baş nazir Nikol Paşinyanın xüsusi tapşırıq verməsi diqqət çəkib.
Ötən gün Ermənistan parlamentində Paşinyanla Robert Köçəryanın Hayastan Partiyasından deputat olan oğlu Levon Köçəryan arasında ciddi gərginlik yaşanıb. Levon parlamentdə çıxış edən Paşinyanı Qarabağ məsələsinə görə “xain” adlandırıb və onun 10 ilə yaxındır hakimiyyətdə qalmağa davam etməsinin səbəbini soruşub. Nikol Paşinyan isə buna cavab olaraq 8 ildir xalq tərəfindən seçildiyi üçün hakimiyyətdə olduğunu, lakin keçmiş prezidentlər Robert Köçəryanla Serj Sərkisyanın fəaliyyətləri müddətində ölkəni taladıqlarını bildirib.
“Sən və ailən niyə milyonçusunuz? Ölkənin hər yerində mülkləriniz var. Hamısını vətəndaşların gəlirlərinin hesabına “qazanmısınız”. Bütün bunlar Ermənistana qaytarılmalıdır. Mən məhkəmələrə və hüquq-mühafizə orqanlarına Köçəryan-Sərkisyan talançılığını araşdırmağı və fəaliyyətlərinin məhdudlaşdırılması tapşırığı vermişəm”, – Paşinyan Levona deyib.
Çıxışdan təqribən 15-16 saat sonra səhər saatlarında Robert Köçəryanın, Sedrak Köçəryanın və Levon Köçəryanın mülklərinə basqın edilib. Hər birinin adına və yaxınlarının adına olan əmlakların araşdırıldığı açıqlanıb.
Nikol Paşinyanın açıqlamasına əsasən, növbəti hədəfin Serj Sərkisyan olacağı və onunla bağlı əməliyyatın keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, həm Robert Köçəryan, həm də Serj Sərkisyan korrupsiya ittihamı ilə dava əvvəl də məhkəməyə çıxarılıblar. Lakin bu dəfə prosesin daha dərin olacağı və hökumətinin əsas hədəfinin hər iki keçmiş prezidenti məsuliyyətə cəlb etmək olduğu bildirilir.
Ayşən Mustafa
Globalinfo.az