Avqustun 17-də İrana məxsus iki dronun Ərbildə İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə və kəşfiyyat rəhbərinin iqamətgahına hücum etdiyi bildirilib. Ölən və yaralananın olmadığı deyilsə də, Ərbil rəhbərliyi hücumun arxasında dayanan şəxslərin məsuliyyət daşıyacağını açıqlayıb.
İran hökuməti isə hücumun arxasında başqa qüvvənin dayandığını bildirib və iddiaları təkzib etdib.
ABŞ-la atəşkəsin başa çatdığı bir vaxtda kürdlər İrana qarşı müharibəyə qoşulur? Hücumu həqiqətən İran edib, yoxsa bu, kürdlərin prosesə cəlb edilməsi üçün bir taktika idi?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, İraq Kürdüstanı ərazisi zaman-zaman İranın hədəflərindən biri olub:
“Əsas səbəb ondan ibarətdir ki, burada mövcud olan administrasiyanın həm ABŞ, həm də İsraillə kifayət qədər yaxşı əlaqələri var və İranla məsafəli davranır.
Tehran hesab edir ki, İraqda və İranda həyata keçirmək istədiyi planlara mane olan amillərdən biri məhz şimali İraqda yerləşən kürd muxtariyyətidir. Bu muxtariyyətin nəzarətində olan ərazilərdə ABŞ bazalarının yerləşdiyini, eyni zamanda administrasiyanın təhlükəsizlik qüvvələrinin yetişdirilməsi və təlimində İsrailin rolunu və tərəflər arasındakı əlaqələri də nəzərə alsaq, İran tərəfinin məhz bu amilləri əsas götürərək sözügedən əraziləri hədəf alması mümkündür.
Bu, yeni hücum deyil. Son bir ildə zaman-zaman İran tərəfindən bu ərazilərin dronlarla atəşə tutulduğunu xatırlayırıq. O baxımdan qeyd etmək lazımdır ki, hücumda İranın müəyyən rolu ola bilər. Əlbəttə, burada digər faktorları da istisna etmək olmaz.
ABŞ və İsraillə savaş başlayanda İraq ərazisindən İrana qarşı quru əməliyyatlarının keçirilməsi də planlaşdırılırdı. Bu əməliyyatlarda kürd qruplaşmaların yer alacağı bilinirdi. Amma son anda Türkiyənin aktiv müdaxiləsi ilə proses dayandı.

Oqtay Qasımov
Bu baxımdan düşünürəm ki, kürd administrasiyasının hədəfə alınması təsadüfi deyil. İran bununla regiondakı qüvvələri təzyiq altında saxlamağı hədəfləyir.
İranda iki xətt mövcuddur. Birincisi, Prezident Məsud Pezeşkianın, yəni islahatçı qanadın təmsil etdiyi xəttdir. Bu qüvvələr qonşularla mehriban yaşamağı və regional təhlükəsizliyi önəmli sayırlar. Digəri isə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generallarının təmsil etdiyi xəttdir. Onlar qonşuları hədəfə almaq və onlara təzyiq göstərmək istəyirlər.
Hesab edirəm ki, bu məsələdə İranın rolu var. Həmçinin dronların başq istiqmətdən gəldiyinə dair iddialar da mövcuddur. Bununla regiondakı gərginliyin başqa istiqamətə yönəldilməsi istənilir”.
Turan Rzayev
Globalinfo.az