
Baku TV-nin “Kəndinə qayıt” verilişinin yeni buraxılışında Zaqatalanın Mamrux kəndinə səfər edilib.
Globalinfo.az xəbər verir ki, Zaqatala şəhərindən təxminən 14 kilometr məsafədə yerləşən Mamrux iki mindən çox əhalisi olan qədim yaşayış məntəqələrindən biridir.
Təbiəti, tarixi abidələri və özünəməxsus adət-ənənələri ilə seçilən kənddə sakinlərin əsas məşğuliyyət sahələrindən biri fındıqçılıqdır. Kəndin qədim tarixini göstərən əsas izlərdən biri burada aşkarlanan qəbirlərdir.
Sakinlərin sözlərinə görə, qazıntılar zamanı uzunluğu 210 santimetrə çatan qədim qəbirlər üzə çıxıb.
“Dişlərinin hamısı sap-sağlam idi, bir dənə də diş tökülməmişdi. Sümükləri ölçdük, xeyli uzun idi, indiki insanlardan böyük idi”, – deyə kənd sakinlərindən biri bildirib.
Mamruxda “Pompeylər məhəlləsi” də yerləşir.
Yerli sakinlər bu adın qədim Roma sərkərdəsi Qney Pompeyin bölgəyə yürüşü ilə bağlı olduğunu söyləyirlər. Kənddə Roma döyüşçülərinə aid olduğu ehtimal edilən ox və nizə ucluqlarının tapılması bu rəvayəti daha maraqlı edir. Lakin Pompey nəslinin burada yaşaması ilə bağlı dəqiq elmi sübut yoxdur. Kənddə 500 ildən çox yaşı olduğu bildirilən qədim Alban evi də qorunur.
Sakinlərin sözlərinə görə, bu tikili Alban memarlığından günümüzə qədər gəlib çatan nadir evlərdəndir. Evin tavanında ərəb qrafikası ilə yazıların olduğu da bildirilir. Şəxsi mülk olduğu üçün uzun illərdir bərpa olunmayan tikili hazırda dağılmaq təhlükəsi ilə üz-üzədir.