Avqustun 14-də Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə növbəti köç həyata keçirilib.
Globalinfo.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Böyük Qayıdış proqramı çərçivəsində şəhərə köçürülən 102 nəfərdən ibarət 22 ailənin yeni mənzillərinin açarları sahiblərinə təqdim olunub.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev keçmiş məcburi köçkünlərin qarşılanması və mənzillərin açarlarının təqdimat mərasimində çıxış edərək, sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib, onlara yeni həyatlarında xoşbəxtlik və firavanlıq arzulayıb. M. Əfəndiyev Xankəndidə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam etdirilir.Qeyd olunub ki, qayıdan sakinlərin rahat və təhlükəsiz yaşamaları üçün Xankəndidə bütün zəruri şərait yaradılıb. Şəhərdə yaşayış binaları ilə yanaşı, sosial və kommunal infrastruktur da yenidən qurulur.
