k50UejgTSdaIqJpNH97fxLaqAoQVTjhPDGZMwgQr 1200

İyulun 30-31-də Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirakı regionda əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Görüş həm Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığının möhkəmlənməsi, həm də nəqliyyat, enerji və iqtisadi inteqrasiya istiqamətində yeni imkanların müzakirəsi baxımından diqqət çəkir.

Azərbaycanın bu platformada tamhüquqlu iştirakı Mərkəzi Asiya ilə əməkdaşlığın gələcək inkişafına və ölkəmizin Orta Dəhlizdə strateji rolunun güclənməsinə hansı konkret töhfələri verə bilər?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, bu görüşün çox böyük əhəmiyyəti var:

“Çünki artıq bu altılıq faktiki olaraq vahid siyasi və iqtisadi subyekt kimi formalaşmağa başlayır. Söhbət Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın, bütövlükdə isə regionumuzun qlobal logistik sistemdə rolunun və əhəmiyyətinin daha da artmasından gedir. Hamımıza məlumdur ki, Orta Dəhliz strateji əhəmiyyət daşıyan əsas kommunikasiya marşrutlarından biridir. Bu xətt Çindən başlayaraq Azərbaycan üzərindən Avropaya qədər uzanır. Belə bir marşrutun səmərəli fəaliyyəti üçün isə vahid yanaşmalar vacibdir. Buraya gömrük prosedurlarının uyğunlaşdırılması, vergi sistemlərinin əlaqələndirilməsi, sənədləşmənin tam elektronlaşdırılması, rəqəmsallaşma və yaşıl enerji layihələrinin inkişafı daxildir. Bütün bunlar bir-biri ilə sıx bağlı olan məsələlərdir. Məhz buna görə də dövlət başçılarının siyasi iradəsi xüsusi əhəmiyyət daşıyır. Məqsəd ondan ibarətdir ki, bu altılıq vahid qüvvə kimi çıxış etsin və regionun beynəlxalq iqtisadi sistemdə mövqeyini daha da gücləndirsin”.

Politoloqun fikrincə, bu gün Mərkəzi Asiya ölkələri də anlayırlar ki, Azərbaycan bu marşrutun əsas açar dövlətlərindən biridir:

“Əsas nəqliyyat və kommunikasiya xətləri ölkəmizin ərazisindən keçir. Azərbaycanın yaratdığı müasir logistika infrastrukturu və tranzit imkanları yükdaşımalarını daha səmərəli və etibarlı edir. Doğrudur, əvvəllər Mərkəzi Asiya ölkələrinin yanaşmalarında müəyyən fərqlər mövcud idi. Lakin Azərbaycanın Qarabağ müharibəsində qazandığı tarixi qələbədən sonra regiondakı geosiyasi reallıqlar dəyişdi və həmin dövlətlər Azərbaycanın onlar üçün strateji əhəmiyyət daşıyan əsas qapılardan biri olduğunu daha aydın şəkildə gördülər. Azərbaycan da heç vaxt gizlətməyib ki, xarici siyasəti yalnız Qərbə deyil, eyni zamanda Şərqə də yönəlib. Məqsəd Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamaq və yük axınının hər iki istiqamətdə maneəsiz hərəkətini təmin etməkdir”.

Müsahibimizin sözlərinə görə, Mərkəzi Asiya ölkələri üçün əsas hədəf Avropa bazarına çıxışdır:

“Bu baxımdan Çindən Qırğızıstana, oradan isə Özbəkistana çəkilən dəmir yolu layihəsi Orta Dəhlizin inkişafında mühüm mərhələ olacaq. Lakin təkcə dəmir yolunun tikintisi kifayət etmir. Logistika mərkəzləri, servis infrastrukturu, müasir terminallar və hər bir ölkədə uyğun hazırlıq işləri də paralel şəkildə həyata keçirilməlidir. İnfrastruktur elə səviyyəyə çatdırılmalıdır ki, daşımalar fasiləsiz və səmərəli şəkildə həyata keçirilsin. Əməkdaşlıq isə yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Xalqlarımızı ortaq tarix, din, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Bu baxımdan biz bir çox beynəlxalq məsələlərdə artıq vahid mövqedən çıxış edirik. Siyasi əməkdaşlıqla yanaşı, ortaq sivilizasiya potensialımız da kifayət qədər böyükdür. Məsələn, Qırğızıstanda İssık-Göl sahilində istifadəyə verilən yeni qolf mərkəzi ilk baxışdan turizm layihəsi kimi görünür. Əslində isə bu, regionda turizm sənayesinin inkişafı baxımından mühüm addımdır. Dövlət başçılarının açılış mərasimində iştirakı bu layihəyə verilən əhəmiyyəti göstərir. Azərbaycanın da qolf həvəskarları həmin mərkəzdən istifadə edə bilər, eyni zamanda Qırğızıstan və digər ölkələrin vətəndaşları Azərbaycanın turizm marşrutlarına, otellərinə, istirahət mərkəzlərinə və kempinq imkanlarına daha çox maraq göstərə bilərlər. Bu baxımdan ölkələrimiz arasında vətəndaşların gediş-gəlişini asanlaşdıran, turizmi təşviq edən güzəştli mexanizmlərin yaradılması vacibdir”.

tofiq abbasov 900x600 1
Tofiq Abbasov

T.Abbasov deyib ki, müvafiq dövlət qurumları, agentliklər və digər təsisatlar birgə işləməli, yeni əməkdaşlıq platformaları formalaşdırmalıdırlar:

“Bundan başqa, əməkdaşlıq iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnologiya və innovasiya sahələrini də əhatə etməlidir. Bu istiqamətlər ölkələrimizin gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki iqtisadi və texnoloji əməkdaşlıq eyni zamanda milli suverenliyin möhkəmlənməsinə xidmət edir. Əgər hansısa texnologiyalardan asılıyıqsa, onları ya əldə etməli, ya da öz elmi potensialımız hesabına alternativlərini yaratmalıyıq. Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın və Qırğızıstanın elmi-texniki potensialı, innovasiya mərkəzləri və startap ekosistemləri bu baxımdan ciddi imkanlara malikdir. Bu potensial birləşdirilərsə, region üçün vahid innovasiya məkanı formalaşa bilər. Hesab edirəm ki, burada təkcə siyasi deyil, həm də mənəvi və iqtisadi subyektlik formalaşmalıdır. Region dövlətləri ortaq baxış nümayiş etdirməli, yeni investisiya fondları yaratmalı, müxtəlif sahələr üzrə birgə maliyyə mexanizmləri formalaşdırmalıdırlar”.

Tofiq Abbasov onu da əlavə edib ki, artıq Azərbaycanla Qırğızıstan, eləcə də Azərbaycanla Özbəkistan arasında investisiya fondları fəaliyyət göstərir:

“İndi əsas məsələ bu təşəbbüsləri ümumi hüquqi və institusional baza üzərində birləşdirmək, əməkdaşlığı daha sistemli və dinamik hala gətirməkdir. Hesab edirəm ki, həm ikitərəfli, həm də çoxtərəfli formatda ölkələrimizin böyük imkanları var. Bu potensialdan düzgün istifadə etsək, regionumuzun iqtisadi gücü, siyasi çəkisi və beynəlxalq nüfuzu daha da artacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: