Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. Sənədə görə, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır.
Müəllimlərə qoyulan yeni tələbin məqsədi nədir?
Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, həmin qərarda təhsilverənlərin ümumi geyim forması müəyyənləşdirilib:
“Burada həm kişi, həm də qadın təhsilverənlər üçün geyim tələbləri əksini tapıb. Əsas məqsəd müəllimlərin cəmiyyətdə tanınmasına, onların peşəkar reputasiyasına müsbət təsir göstərilməsinə, sağlam təhsil mühitinin və dünyəvi təhsilin təşviqinə xidmət etməkdir. Bununla yanaşı, xüsusi tədbirlərdə, o cümlədən bayram və milli tədbirlərdə milli geyimlərdən istifadə edilə bilər. Digər hallarda isə təhsilverənlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun geyim formasına üstünlük verməsi vacibdir”.
Elçin Əfəndi
Ekspert bildirib ki, bu tələblər yalnız təhsilverənlərə deyil, təhsilalanlara da aiddir:
“Məktəblərdə işgüzar üsluba və müəyyən edilmiş geyim qaydalarına əməl olunmasının həm təşkilati, həm pedaqoji, həm də idarəetmə baxımından müsbət təsiri var. İşgüzar geyim müəllimin peşə standartlarına uyğun fəaliyyətini göstərir, eyni zamanda, tədris prosesində sağlam və nizamlı iş mühitinin qorunmasına da kömək edir”.
Ləman İmran
Globalinfo.az