Böyük Britaniyada kral ailəsinin üzvlərinə xidmət göstərən həkim, 45 yaşlı Hanna Keynin (Terri) öldürülməsi ilə bağlı onun həyat yoldaşı Mark Keynə qarşı qətl ittihamı irəli sürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Sun” Kral Prokurorluq Xidmətinə istinadən yazıb.
45 yaşlı Hannaya məxsus meyit oktyabrın 4-də səhər tezdən Norfolk qraflığının Dersinqem kəndindəki evində aşkarlanıb.
Həmin vaxt qadın uşaqları ilə birlikdə evdə olub.
Norviç Magistratura Məhkəməsində keçirilən iclas zamanı prokuror Ceki Henlon bildirib ki, məhkəmə-tibbi ekspertiza Hannının başının sağ tərəfində küt travma və boynunun sıxılmasına işarə edə biləcək xəsarət aşkar edib.
O, xüsusilə vurğulayıb ki, hadisə evdə uşaqların olduğu vaxt baş verib.
Hakim Metyu Boun işi Kinqs-Linn Kral Məhkəməsinə göndərib və təqsirləndirilən şəxsin həbsdə saxlanılmasına qərar verib.
Qara sviterdə məhkəməyə gələn Mark Keyn yalnız adını, ünvanını və doğum tarixini deyib, ittihamı qəbul edib-etmədiyi barədə açıqlama verməyib.
Ailənin evi kral ailəsinin iqamətgahlarından biri olan Sandrinqem sarayından bir qədər çox — təxminən 1,5 kilometr məsafədə yerləşir. Həkim Hanna Keyn Qrimston Tibb Mərkəzində çalışıb və kral ailəsinin üzvlərinə mütəmadi olaraq çağırılan həkimlər qrupuna daxil olub.
“The Sun”un mənbələri bildiriblər ki, Kral III Çarlz və Kraliça Kamillaya onun ölümü barədə məlumat verilib.
“O, möhtəşəm həkim və möhtəşəm insan idi. Həqiqətən çox gözəl, mehriban və ailəsinə çox bağlı biri olub”, – deyə mərhum həkimin həmkarı Culi-En Reyner bildirib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Əliyar Xəlil
Globalinfo.az