“Fransada küçələrdə baş verənlərə yalnız növbəti sosial etiraz dalğası kimi baxmaq məsələnin mahiyyətini kiçiltmək anlamına gələ bilər. Çünki bu dəfə söhbət təkcə hökumətin siyasətindən narazı olan insanların küçələrə çıxmasından getmir. Hadisələrin miqyası və xüsusilə saxlanılanlar arasında yetkinlik yaşına çatmayanların böyük üstünlük təşkil etməsi Fransanın illərdir başqa ölkələrə ünvanladığı insan hüquqları ritorikasının özünü ciddi şəkildə sınağa çəkir”.
Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli Fransada davam edən etiraz aksiyalar haqda danışarkən deyib:
Deputat bildirib ki, Fransa Ədliyyə Nazirliyinin oktyabrın 5-də açıqladığı məlumata görə, etirazlarla bağlı zorakılıq hadisələri çərçivəsində həmin vaxta qədər 5 060 nəfər saxlanılıb:
“Onların 87 faizi, yəni 4 406 nəfəri yetkinlik yaşına çatmayanlardır. 1 802 nəfər barəsində cinayət təqibi başlanıb və onların 1 483-ü də məhz azyaşlılardır. Sonrakı məlumatlarda saxlanılanların ümumi sayının 6 100-ü keçdiyi bildirilib.
Bu rəqəmlərin hər birinin arxasında ayrıca hüquqi proses, ayrıca insan taleyi dayanır. Ona görə də burada söhbəti Fransa hakimiyyətinin etirazlar zamanı törədilən zorakılıq və vandalizmə hüquqi reaksiya vermək hüququndan getmir. Dövlətin ictimai asayişi qorumaq, insanların və əmlakın təhlükəsizliyini təmin etmək öhdəliyi var. Problem başqa yerdədir. Unutmaq lazım deyil ki, Paris başqa ölkələrdə hətta həqiqətə uyğun olmayan, saxta və yalan məlumatlar əsasında formalaşdırılan informasiyaları qiymətləndirərkən hansı meyarları irəli sürür və həmin meyarları öz ölkəsində nə dərəcədə ardıcıl tətbiq edir?
Məhz burada Fransanın siyasi ritorikası ilə öz daxili praktikasının arasında diqqətçəkən bir ziddiyyət meydana çıxır.
Azərbaycanda hansısa şəxs barəsində hüquqi proses başlananda, hələ məhkəmə qərarı ortada olmadan, Parisdən və bəzi Avropa siyasi dairələrindən “repressiya”, “siyasi təqib”, “insan hüquqlarının pozulması” məzmunlu bəyanatlar eşidirik. Konkret cinayətə görə, həbs faktının özü bəzən hüquqi prosedurun nəticəsi kimi deyil, siyasi hadisə kimi təqdim olunur. İstintaqın predmetinə, ittihamın hüquqi əsaslarına, məhkəmənin mövqeyinə münasibətdə isə əsassız və aqressiv yanaşma sərgilənir. Amma Fransada minlərlə insan saxlanıldıqda məsələ bir anda başqa terminologiya ilə izah olunur. Burada söhbət “ictimai asayişin qorunmasından”, “zorakılığın qarşısının alınmasından”, “hüquqi prosedurlardan” gedir”.

Elçin Mirzəbəyli
Deputat qeyd edib ki, Fransadakı etirazların bəzi hissələrində zorakılıq, məktəblərə və ictimai əmlaka zərər vurulması, polis əməkdaşlarına hücumlar barədə rəsmi məlumatlar var:
“Bunların araşdırılması, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi hüquqi dövlətin normal funksiyasıdır. Fransa Ədliyyə Nazirliyi də məhz bu əsasla sürətli və sərt hüquqi reaksiya tələb edib. Lakin eyni hüquqi prinsip başqa ölkələr üçün də keçərlidir. Əgər bir ölkənin vətəndaşı qanunu pozmaqda şübhəli bilinirsə, onun barəsində araşdırma aparılması normal hüquqi prosedurdur. Bu prosedurun siyasi xarakter daşıdığını iddia etmək üçün isə konkret faktlar və hüquqi əsaslar lazımdır.
Paris Azərbaycanla bağlı məsələlərdə məhz bu sadə hüquqi məntiqi tez-tez kənara qoyur.
Daha maraqlısı isə odur ki, Fransada söhbət yetkinlik yaşına çatmayanlardan gedəndə məsələnin miqyası xüsusilə diqqət çəkir. Rəsmi məlumata görə, saxlanılanların 87 faizi azyaşlılardır. Üstəlik, 1 802 nəfər barəsində təqib başlanılıb və onların böyük əksəriyyəti – 1 483 nəfəri – yetkinlik yaşına çatmayanlardır.
“Amnesty International” da məhz bu məqamı önə çəkərək Fransa hakimiyyətini polis müdaxiləsinin zəruri, qanuni və mütənasib olmasını təmin etməyə çağırıb. Təşkilat uşaqların və gənclərin nümayişlər zamanı döyülməsi, gözyaşardıcı qazın təsirinə məruz qalması və özbaşına saxlanılması ilə bağlı narahatlıq ifadə edib. Yəni Parisin başqa ölkələrə ünvanladığı suallar onun özünə ünvanlanır. Yetkinlik yaşına çatmayanların kütləvi şəkildə saxlanılması hansı halda hüquq-mühafizə tədbiri, hansı halda hüquqların məhdudlaşdırılmasıdır?
Polis gücünün tətbiqində “zərurilik” və “mütənasiblik” meyarları necə müəyyənləşdirilir?
Nümayişçinin yaşı hüquq-mühafizə orqanlarının davranışında hansı əlavə məsuliyyət yaradır?
Və ən başlıcası, Fransanın başqa ölkələrə münasibətdə tələb etdiyi hüquqi standartlar bu ölkənin küçələrində də eyni səviyyədə tətbiq edilirmi?
Bu sualların cavabı ilk növbədə Fransanın özü üçün lazımdır. Çünki insan hüquqlarının universal xarakter daşıması o deməkdir ki, həmin hüquqların müdafiəsi siyasi sərhədlərdən asılı ola bilməz.
Əks halda, məsələ insan hüquqlarının müdafiəsindən çıxaraq siyasi seçim məsələsinə çevrilir”.
Turan Rzayev
Globalinfo.az