Aparıcı Nigar Fərhada məxsus olduğu bildirilən “Aid Group” xaricdə təhsil şirkətinin fəaliyyəti şikayətlərdən sonra dayandırılıb. Bir çox vətəndaş şirkətə ödəniş etdiklərini, lakin vəd edilən xidmətin göstərilmədiyini və vəsaitlərini geri ala bilmədiklərini deyir.
Bu sahədə dələduzluğun qarşısının alınması üçün hansı mexanizmlər tətbiq olunmalıdır?
Globalinfo.az-a danışan təhsil eksperti İlqar Orucov deyib ki, Azərbaycanda xaricdə təhsil şirkətlərinin fəaliyyətinə birbaşa lisenziya və ya xüsusi dövlət nəzarəti mexanizmi yoxdur:
“Çünki bu qurumlar hüquqi baxımdan yalnız konsultinq, yəni məsləhət xidməti göstərən kommersiya subyektləri kimi qeydiyyatdan keçirlər. Bu sahədə əsas problemlərdən biri hüquqi status məsələsidir. Xaricdə təhsil şirkətləri Elm və Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılmır, adi MMC və ya fərdi sahibkar kimi fəaliyyət göstərirlər. Bununla yanaşı, vətəndaşlardan böyük məbləğdə ödənişlər qəbul edilir. Lakin şirkət öhdəliyini yerinə yetirmədikdə və ya fəaliyyətini dayandırdıqda həmin vəsaitlərin geri qaytarılmasını təmin edən heç bir maliyyə zəmanəti mövcud deyil. Aldadılan şəxslər isə əksər hallarda övladının xaricdə təhsil almasını istəyən valideynlər olur. Onlar çox vaxt şirkətlə bağladıqları müqavilənin hüquqi öhdəliklərinə diqqət yetirmir və nəticədə ciddi risklərlə üzləşirlər. Təhsildə Keyfiyyət Təminatı Agentliyi dəfələrlə vətəndaşlara bu barədə xəbərdarlıq edib, xaricdə təhsil şirkətlərini diqqətlə seçməyi, gələcəkdə diplomların tanınması və nostrifikasiya problemləri yaşamamaq üçün bütün sənədləri yoxlamağı tövsiyə edib”.
İ.Orucovun sözlərinə görə, digər mühüm problem sosial şəbəkələr və bəzi media platformaları vasitəsilə aparılan manipulyasiyalardır:
“Bəzən televiziyada belə şirkətlər özlərini etibarlı qurum kimi təqdim edir, reklam və ödənişli çıxışlar vasitəsilə vətəndaşların etibarını qazanmağa çalışırlar. Hesab edirəm ki, media qurumları da bu məsələdə daha məsuliyyətli davranmalıdır. Məncə, bu sahədə dövlət səviyyəsində kompleks tənzimləmə və nəzarət mexanizmi yaradılmalıdır. İlk növbədə xaricdə təhsil şirkətləri üçün məcburi lisenziyalaşdırma və ya akkreditasiya tətbiq edilməlidir. Bununla yanaşı, şirkət rəhbərlərinin və konsultantların beynəlxalq təhsil sahəsində peşəkar sertifikatları yoxlanılmalı, onların ixtisas uyğunluğu təsdiqlənməlidir”.
İlqar Orucov
Ekspert hesab edir ki, hər bir xaricdə təhsil şirkəti fəaliyyətə başlamazdan əvvəl 50-100 min manat həcmində təminat depoziti formalaşdırmalıdır:
“Şirkət vətəndaşı aldatdıqda və ya iflas etdikdə hüquq-mühafizə orqanlarının qərarı əsasında zərərçəkənlərin vəsaiti həmin depozit hesabına ödənilməlidir. Eyni zamanda dövlət nəzarətində xaricdə təhsil agentliklərinin vahid reyestri yaradılmalıdır. Elm və Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yoxlanılmış şirkətlər həmin reyestrdə yer almalı, vətəndaşlar isə hansı şirkətin rəsmi və etibarlı, hansının isə riskli olduğunu açıq şəkildə görə bilməlidirlər. Bundan əlavə, İqtisadiyyat Nazirliyi tərəfindən bu sahə üçün vahid müqavilə forması təsdiq edilməli, müqavilədə imtina və ya xidmət göstərilmədiyi halda vəsaitin geri qaytarılması şərtləri aydın şəkildə əks olunmalıdır. Bütün ödənişlər yalnız bank köçürməsi vasitəsilə həyata keçirilməli, nağd ödənişlərə yol verilməməli və bu sahədə ciddi vergi nəzarəti təmin olunmalıdır”.
İlqar Orucov əlavə edib ki, hazırkı hüquqi boşluqlar şəraitində vətəndaşlar da diqqətli olmalıdırlar:
“100 faiz qəbul”, “zəmanətli viza” və ya “zəmanətli universitet qəbulu” kimi vədlərə inanmaq olmaz. Həmçinin “yalnız attestatla qəbul” vədlərinə də ehtiyatla yanaşmaq lazımdır. Dünyanın nüfuzlu universitetlərinin böyük əksəriyyəti beynəlxalq imtahan nəticələrini tələb edir. Yalnız attestat əsasında qəbul aparan ali təhsil müəssisələrinin statusu və akkreditasiyası mütləq araşdırılmalıdır. Bir daha vurğulamaq istəyirəm ki, ödənişlər heç vaxt şirkət rəhbərinin şəxsi kartına və ya nağd şəkildə edilməməlidir. Vəsait yalnız şirkətin rəsmi bank hesabına köçürülməlidir. Bundan əlavə, şirkətin xarici universitetlərlə rəsmi əməkdaşlıq müqavilələrinin mövcudluğu yoxlanılmalı, qəbul təklif edilən universitetin akkreditasiyası, hüquqi statusu və təhsil şərtləri barədə bütün sənədlər tələb olunmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az