abs iran 99 900x596 1

 “The Wall Street Journal” ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırdığını yazıb. Nəşr iddia edir ki, ABŞ regiona xüsusi əməliyyat qüvvələri yerləşdirir.

Məlumata görə, məqsəd İrana qarşı əməliyyatların genişləndirilməsidir. Bunun üçün müəyyən ərazilərə qoşun və hərbi texnika köçürülür. Artıq ABŞ və Böyük Britaniyadakı bazalarda yerləşən bombardmançı təyyarələrin yüksək hazırlıq vəziyyətinə gətirildiyi qeyd olunur.

Globalinfo.az-a danışan sabiq diplomat, Azərbaycanın Tehrandakı keçmiş səfiri Nəsib Nəsibli deyib ki, 2022-ci ildə Rusiya Ukraynaya hücum edəndə Qərbin strategiyası Rusiyanın tez məğlub edilməsindən çox, onun tükəndirilməsinə hesablanmışdı:

“2022-ci ildə Rusiya Ukraynaya hücum edəndə belə bir fikir formalaşmışdı ki, həmin dövrdə ABŞ-da prezident Co Bayden administrasiyası və bütövlükdə Qərb Rusiyanın qısa müddətdə məğlub olmasını istəmir. Strategiya daha çox Rusiyanın tükəndirilməsi üzərində qurulmuşdu. Hadisələrin inkişafı göstərdi ki, artıq beşinci ildir müharibə davam edir və bu strategiya müəyyən mənada özünü doğruldub. Rusiya tükənmə mərhələsinə daxil olub.

Bu gün oxşar strategiya İrana qarşı tətbiq olunur. Keçən ildən etibarən ABŞ və İsrail İran ərazisinə zərbələr endirir. Lakin bununla məsələ bitmir.

Hərbi baxımdan İranı zəiflətməklə rejimi dəyişmək mümkün deyil. Əksinə, İran hakimiyyəti öz təhlükəsizliyini nüvə silahına sahib olmaqda görür və bu məqsəddən heç bir halda geri çəkilmək istəmir. Bu yaxınlarda SEPAH nümayəndələrindən biri də bildirmişdi ki, İran rəhbərliyinin əsas məqsədlərindən biri nüvə silahına sahib olmaqdır.

nesib nesibli 900x506 1
Nəsib Nəsibli

Əslində, İran illərdir bəyan edir ki, nüvə silahı əldə etməkdən başqa alternativi yoxdur. Bu məsələdə İran Şimali Koreya modelini nümunə götürür. Məlum olduğu kimi nüvə silahına malik olan Şimali Koreyaya heç kim hərbi müdaxilə edə bilmir. İran da eyni şəkildə nüvə silahına sahib olmaqla öz təhlükəsizliyini təmin etmək istəyir.

İrandakı radikal qüvvələr Tehrana təklif olunan şərtləri qəbul etmirlər. Əksinə, iki tankerin hədəfə alınması ilə gərginliyin yeni mərhələsi başladı. ABŞ tərəfi də yenidən bombardmanlara başlayıb. Hesab edirəm ki, ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkilərinə qədər proses bu şəkildə davam edəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: