Azərbaycanda ötən il 500-700 balla ali məktəblərə qəbul olunan tələbələrin 13 faizinin məzun ola bilməməsi ciddi müzakirələrə səbəb olub. Bu statistika fonunda ali təhsil modelinin dəyişdirilməsi ilə bağlı təkliflər səslənir. Bəzi ekspertlər mövcud sistemin yenilənməsinin vacibliyini vurğulayır, digərləri isə hazırkı modelin effektivliyini sual altına alır. Bir sıra ölkələrdə ali təhsil sistemi “universitetə qəbul olmaq nisbətən asan, məzun olmaq isə çətindir” prinsipi əsasında qurulub. Bizdə isə əsas rəqabət qəbul mərhələsində yaşanır və universitetə daxil olduqdan sonra tələbələrin böyük əksəriyyəti təhsilini başa vurur.
Bəs Azərbaycanda ali təhsil modeli dəyişə bilərmi?
Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, qəbul ballarının müəyyən həddən aşağı olması birbaşa qəbul prosesi ilə bağlıdır:
“Problemin kökündə valideynlərin və gənclərin əsas hədəfinin yalnız ali məktəbə daxil olmaq kimi müəyyənləşdirilməsi dayanır. Çoxları düşünür ki, ali məktəbə qəbul olmaqla artıq missiya başa çatır. Əsas məqsəd universitetə daxil olmaqdır və bundan sonra dərslərə əvvəlki qədər ciddi yanaşmağa ehtiyac yoxdur. Gənclərimiz universitetə daxil olana qədər çox böyük səy göstərir, çalışır və öz potensiallarını ortaya qoyurlar. Lakin qəbul olduqdan sonra bir çox hallarda həmin həvəsi və səyi görmürük”.
Ceyhun Məmmədov
Deputat universitetə qəbulun mütləq asan və ya çətin olması yanaşması ilə razı olmadığını qeyd edib:
“Qəbulun həddindən artıq asan olması da müəyyən problemlər yaradır. Dövlət büdcəsindən vəsait ayrılır, valideynlər övladlarının təhsilinə böyük xərclər çəkirlər. Lakin burada əsas məsələ yanaşmanın dəyişməsidir. Ailələrin yanaşması, gənclərin isə təhsilə baxışı dəyişməlidir. Onlar nə üçün oxuduqlarını və nə üçün ali məktəbə getdiklərini anlamalıdırlar”.
Ceyhun Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda mövcud olan model artıq köhnəlmiş modeldir:
“Bu modeli dəyişmək lazımdır. Onu hansı modelin əvəz etməli olduğu isə ayrıca və geniş müzakirə tələb edən məsələdir. Lakin ümumilikdə məsələyə məhz bu prizmadan yanaşmaq lazımdır”.
Zaira Akifqızı
Globalinfo.az