Xəbər verdiyimiz kimi, ABŞ Senatı Donald Trampı İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran qətnaməni qəbul edib. Sənəd tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.
Bu nədən xəbər verir?
Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, sözügedən sənəd ilk növbədə Vaşinqton daxilində İran siyasəti ilə bağlı fikir ayrılıqlarının olduğunu göstərir:
“Lakin sənədin tövsiyə xarakterli olması onun birbaşa hüquqi nəticə yaratmadığını da nəzərə almağı tələb edir. Əvvəla qeyd edim ki, bu addım müharibənin genişlənməsi ilə bağlı narahatlıqdan atıla bilər. Senatın bir hissəsi ABŞ-ın Yaxın Şərqdə yeni genişmiqyaslı münaqişəyə cəlb olunmasından ehtiyat edir. İranla birbaşa qarşıdurmanın ABŞ hərbçiləri, regional bazalar və enerji bazarları üçün ciddi risklər yarada biləcəyi düşünülür. İkincisi, bunu Konqresin səlahiyyətlərini xatırlatmaq cəhdi kimi də dəyərləndirə bilərik. ABŞ Konstitusiyasına görə müharibə elan etmək səlahiyyəti Konqresə məxsusdur. Qətnamə həm də Prezidentə Konqresin mövqeyini nümayiş etdirmək məqsədi daşıyır.
Həmçinin bu, daxili siyasi mesaj da ola bilər. Bilirsiniz ki, ABŞ-da bu ilin noyabrında aralıq seçkilər keçiriləcək. Bu, prezident seçkisindən iki il sonra keçirildiyi üçün onlar adətən prezidentin və hakim partiyanın fəaliyyətinə verilən siyasi qiymət kimi qəbul edilir. Hazırda ölkə başçısı Donald Tramp olduğundan, 2026-cı il seçkiləri onun administrasiyası üçün mühüm sınaq olacaq. Respublikaçılar Konqresdəki mövqelərini qorumağa çalışacaq, demokratlar isə Senatda və ya Nümayəndələr Palatasında üstünlük qazanmağa cəhd edəcəklər”.
Anar İsayev
Ekspertin sözlərinə görə, İranla bağlı Senat qətnaməsini də bu kontekstdə qiymətləndirmək olar:
“Seçkilər yaxınlaşdıqca Senat üzvləri seçicilərinə göstərmək istəyirlər ki, onlar ABŞ-ın yeni və uzunmüddətli hərbi əməliyyatlara sürüklənməsinə qarşıdırlar. Dolayısıyla, xarici siyasət məsələlərində seçicilərin müharibəyə münasibətini nəzərə almağa başlayıblar. Əgər söhbət Donald Tramp administrasiyasından gedirsə, onun reaksiyası bir neçə amildən asılı olacaq. Tramp tarixən həm sərt ritorika, həm də genişmiqyaslı müharibələrdən yayınmaq istəyi nümayiş etdirib. O, özünü tez-tez “ABŞ-ı yeni müharibələrə aparmayan lider” kimi təqdim edib. Buna görə də, əgər administrasiya hesab etsə ki, əsas hərbi məqsədlərə nail olunub, Senatın çağırışı Trampın qoşunların geri çəkilməsi və ya əməliyyatların məhdudlaşdırılması qərarını siyasi baxımdan asanlaşdıra bilər.
Digər tərəfdən, əgər Ağ Ev İranı ABŞ maraqları üçün birbaşa təhlükə kimi qiymətləndirirsə, Tramp belə qətnaməni nəzərə alsa da, onu rəhbər tutmağa məcbur deyil. Beləliklə, bu qətnamə ABŞ-da İranla bağlı tam konsensusun olmadığını göstərir, lakin hələlik Vaşinqtonun siyasətində kəskin dönüş demək deyil. Sənəd daha çox Senatın “münaqişə nəzarətdən çıxmasın və ABŞ yeni müharibəyə sürüklənməsin” mesajı kimi qiymətləndirilə bilər. Trampın bu çağırışa müsbət yanaşma ehtimalı var, amma bu, yalnız onun administrasiyasının İran təhlükəsini necə qiymətləndirməsindən və bölgədəki vəziyyətin inkişafından asılı olacaq”.
Safura Bənnayeva
Globalinfo.az