Globalinfo.az britaniyalı politoloq Neil Vatsonla müsahibəni təqdim edir:
– Cənab Vatson, Böyük Britaniya Baş naziri və hakim Leyborist Partiyasının lideri Kir Starmerin istefası hadisəsi necə başa düşülməlidir?
– Baş nazir Kir Starmerin istefası Britaniya siyasi sistemində liderliklə bağlı böhranın əksi kimi qəbul edilməlidir. Parlament və dövlət qulluğu fəaliyyətini davam etdirir, maliyyə bazarları sabitdir və yeni liderliyə keçid üçün konstitusiya mexanizmi işləkdir. Lakin rəhbərliyə olan inam itib.
Starmer sağçı mühafizəkar hökumətdə illərlə davam edən siyasi qarışıqlıqdan sonra parlamentdə böyük çoxluqla və sabitliyi bərpa etmək mandatı ilə vəzifəyə gəlib. Lakin, 2020-ci illərin ortalarında hakimiyyətdə olmaq seçkilərdə qalib gəlməkdən daha çətin oldu. Britaniya ictimaiyyətinin hələ də həyat səviyyəsi, mənzil xərcləri, dövlət xidmətləri, immiqrasiya, məhsuldarlığın artması, Covid 19 və “Brexit”in həll olunmamış iqtisadi yaraları və milli kimlik barədə narahatlıqları qalmaqdadır.
– Kir Starmerin istefasında “Epşteyn işi” ilə bağlı qalmaqalın rolu varmı?
– Əslində, “Epşteyn işi”ndə iştirakı onun Lord Peter Mandelsonla münasibətləri və ya dostluqlarından qaynaqlanır. 30 il əvvəl Lord Piter Mandelson Toni Bleyerin rəhbərliyi dövründə “Yeni Leyboristlər”in (Leyboristlər Partiyasında 1990-cı illərin ortalarından etibarən həyata keçirilən ideoloji və siyasi transformasiya) memarı idi. Ser Kir Starmer Toni Bleyeri dəstəkləyənlərin onu dəstəkləməsinə çox can atırdı. Və o, Lord Mandelsonu 2025-ci ildə ABŞ-dakı ilk Britaniya səfiri vəzifəsinə təyin etdi. Böyük Britaniya Təhlükəsizlik Xidməti Lord Mandelsonun işini araşdırmaq istədikdə, onlara məxfi sənədlərə çıxış icazəsi verilmədi. Bu o deməkdir ki, Ser Kir Starmer əslində öz millətinin təhlükəsizliyi barədə narahat olmaqdansa, Baş nazir və Leyboristlər Partiyasının lideri kimi daxili dəstək qazanmaqda daha çox maraqlı idi. “Epşteyn işi” Ser Kir Starmerin devrilməsinə məhz bu cür təsir edib.
Neil Vatson
– Starmerin əsas rəqibi Endi Börnhem 18 iyunda Makerfild seçki dairəsində keçirilən ara seçkilərdə qalib gələrək parlament üzvü olduqdan sonra Leyboristlər Partiyası daxilində liderlik uğrunda yarış daha da şiddətləndi. Endi Börnhemin baş nazir vəzifəsinə namizədliyini necə şərh edərdiniz?
– Endi Börnhemin yüksəlişinə daha geniş kontekstdə baxılmalıdır. Börnhem sol mərkəzçi Leyboristlər Partiyasında fərqli siyasi baxışı təmsil edir. Starmer Leyboristləri intizamlı, texnokratik idarəetmə qüvvəsi kimi təqdim etməyə çalışsa da, Börnhem əsasən regional liderlik, sosial siyasət və London xaricindəki işçi və orta təbəqə seçiciləri ilə birbaşa əlaqəyə görə nüfuz qazanmışdır. Mən onunla bir neçə il əvvəl Leyboristlər Partiyasının konfransında görüşmüşdüm və onun yerli seçicilərlə münasibətləri inanılmaz idi. Bunun yeni siyasi dövrün başlanğıcı olub-olmaması üç amildən asılıdır:
Birincisi, Mühafizəkarlar Partiyasının gələcəyi. Britaniya siyasəti ənənəvi olaraq Leyboristlər və Mühafizəkarlar arasında rəqabətə əsaslanır. Mühafizəkarlar özlərini toparlaya bilməsə, Böyük Britaniyada ultra sağçı Britaniyanın Reformu Partiyasının daimi milli qüvvəyə çevrildiyi və ənənəvi siyasətə təsir etdiyi daha parçalanmış siyasi mənzərə yarana bilər.
İkincisi, ictimai narazılığın davamlılığı. Qərb dünyasının böyük bir hissəsində seçicilər getdikcə ənənəvi partiyalara daha az sadiq qalırlar və siyasi baxışları dəyişməyə meyllidirlər. Böyük Britaniya da bu tendensiyadan sığortalanmayıb. Sabit seçki koalisiyaları dövrü başa çata bilər.
Üçüncüsü, iqtisadi mühit. Nəticədə, siyasi narrativlər iqtisadi nəticələrə əsasən uğur qazanır və ya uğursuz olur. Əgər həyat səviyyəsi yaxşılaşarsa, istənilən yeni Leyborist rəhbərliyi sistemi sabitləşdirə bilər. İqtisadi təzyiqlər davam edərsə, təkcə liderlik dəyişiklikləri ictimai inamı bərpa etməyə bilər və ekstremist siyasət yayıla bilər.
– Lider dəyişikliyi Britaniyanın müttəfiqləri ilə münasibətlərinə təsir göstərə bilərmi?
– Börnhemin baş nazir olduğu dövrdə NATO, Ukrayna, transatlantik əməkdaşlığa və Böyük Britaniyanın daha geniş təhlükəsizlik öhdəliklərinə dəstəyin kəskin şəkildə dəyişməsi ehtimalı azdır. Ölkədaxili proseslərdə isə nəticələr daha əhəmiyyətli ola bilər. Bu, “Brexit” sonrası siyasətdə keçid mərhələsidir. Lakin, bu, son illərdə Britaniya siyasətində dominantlıq edən texnokratik idarəetmə üslubunun sonunu və daha rəqabətli, daha parçalanmış və daha emosional yönümlü siyasi dövrün ortaya çıxmasını göstərməklə tarixi cəhətdən əhəmiyyətli bir an ola bilər.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul