Finlandiya nüvə silahlarına qoyulan qadağanı ləğv etməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Belə ki, Finlandiya Parlamenti ölkə daxilində nüvə silahlarının idxalı, tranziti və saxlanmasına qoyulan qadağanı ləğv edən qanunu təsdiqləyib.
Parlamentin 125 üzvü təşəbbüsün lehinə, 61-i isə əleyhinə səs verib. Düzəlişlər milli müdafiə üçün zəruri hallarda nüvə silahlarının idxalına, daşınmasına və saxlanmasına icazə verir. Lakin Finlandiya hökuməti sülh dövründə öz ərazisində nüvə silahlarının yerləşdirilməsini planlaşdırmadığını açıqlayıb.
Finlandiya müdafiə naziri bildirib ki, qanunun qəbul edilməsi ölkənin müdafiə qabiliyyətini gücləndirir. Hökumət bu qərarı Avropada pisləşən təhlükəsizlik vəziyyəti fonunda verib.
Qanunvericilik dəyişiklikləri Finlandiyanın 2023-cü ildə alyansa qoşulmasından sonra NATO-ya inteqrasiyası istiqamətində atılan növbəti addımdır.
Əliyar Xəlil