Ermənistan Baş naziri Nikol Paşinyanın İranla bağlı paylaşımı tənqid edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Akop Badalyan Telegram hesabında yazıb.
O, əvvəlcə Paşinyanın paylaşımını xatırladıb.
“ABŞ və İran arasında əldə olunan razılaşmanı alqışlayırıq. Pakistan, Qətər, Türkiyə və digər ölkələrin göstərdiyi vasitəçilik səylərini yüksək qiymətləndiririk. Ümid edirik ki, bu mühüm inkişaf Yaxın Şərqdə hərtərəfli və uzunmüddətli sülhə yol açacaq”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan X sosial şəbəkəsində paylaşaraq ABŞ və İran arasında əldə olunan razılaşmanı alqışlayıb.
Əlbəttə, Paşinyanın bu razılaşmanı müsbət qiymətləndirməsi yaxşı haldır. Lakin burada əsas sual budur: bu məsələdə Türkiyənin rolu nədən ibarətdir?
Çünki danışıqlar prosesi ilə bağlı yayılan məlumatların hamısında əsasən Qətər və Pakistanın vasitəçilik rolundan bəhs olunur. Türkiyənin isə xüsusi olaraq vurğulanacaq və ayrıca qeyd edilməsini zəruri edən hər hansı rolu barədə məlumat yoxdur”.
Siyasi şərhçi bildirib ki, Paşinyanın paylaşımının əsas məqsədi əldə olunan razılaşmanı və ya prosesdə iştirak edən real tərəfləri vurğulamaq deyil, məhz Türkiyənin rolunu ön plana çıxarmaqdır.
Əliyar Xəlil
Globalinfo.az