hormuz

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin sona çatdığını elan edib. O, razılaşamaya əsasən Hörmüz boğazının açılacağını, ödəniş tələbinin ləğv ediləcəyini qeyd edib.

Tramp həmçinin ABŞ-ın dəniz blokadasını aradan qaldırdığını bildirib və neft daşımasının maneəsiz şəkildə həyata keçiriləcəyini söyləyib.

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, ABŞ və İran arasında nüvə danışıqlarında əsas fikir ayrılığı uranın zənginləşdirilməsi məsələsi ətrafında cəmləşib:

“Vaşinqton hesab edir ki, İranın öz ərazisində uranı zənginləşdirmək imkanını saxlaması gələcəkdə nüvə silahı əldə etmək riskini artırır. Buna görə də ABŞ İranın bu fəaliyyətdən tamamilə imtina etməsini və ya ən azı çox ciddi məhdudiyyətlər altında həyata keçirməsini istəyir.

İran isə məsələyə fərqli yanaşır. Tehran bildirir ki, nüvə proqramı dinc məqsədlər daşıyır və ölkənin enerji təhlükəsizliyi, elmi-texnoloji inkişafı baxımından strateji əhəmiyyət kəsb edir. İran rəhbərliyi uranın zənginləşdirilməsi hüququndan imtinanı təkcə texniki deyil, həm də siyasi və geosiyasi geri addım kimi qiymətləndirir. Məhz buna görə də İran tərəfi ABŞ-ın irəli sürdüyü “sıfır zənginləşdirmə” modelini qəbul etmir.

ABŞ rəsmilərinin danışıqlarda irəliləyiş əldə olunduğunu və şərtlərin böyük ölçüdə razılaşdırıldığını bəyan etməsinə baxmayaraq, İranın bunu təkzib etməsi də məhz bu məqamla bağlıdır. Tehran daxili auditoriyaya və regional tərəfdaşlarına göstərmək istəyir ki, ölkənin strateji maraqları hesabına hər hansı güzəştə getmir. Digər tərəfdən, Vaşinqton da diplomatik prosesin nəticə verəcəyini nümayiş etdirməyə çalışır. Bu səbəbdən tərəflərin ictimai açıqlamalarında fərqli ton müşahidə olunur”.

vuqar ziferoglu esas
Vüqar Zifəroğlu

Ekspert bildirib ki, İranın uranın zənginləşdirilməsindən tamamilə imtina etməsi hazırkı şəraitdə real görünmür:

“Çünki bu proqram artıq İranın milli təhlükəsizlik strategiyasının və dövlət nüfuzunun bir hissəsinə çevrilib. Lakin kompromis variant mümkündür. Belə ki, İran zənginləşdirmə səviyyəsini aşağı sala, ehtiyatlarını məhdudlaşdıra və daha sərt beynəlxalq nəzarət mexanizmlərini qəbul edə bilər. Əvəzində isə sanksiyaların mərhələli şəkildə yumşaldılmasının gündəmə gəlməsi mümkündür.

Ona görə də hazırkı mərhələdə danışıqların taleyi tərəflərin razılaşmaq istəyib-istəməməsindən deyil, hansı həddə qədər qarşılıqlı güzəştə hazır olmalarından asılıdır. Əsas problem siyasi iradənin olmaması deyil, ABŞ və İranın hələ də öz əsas “qırmızı xətləri”ndən geri çəkilməməsidir. Bu səbəbdən yaxın vaxtlarda tam razılaşmadan daha çox, tərəflərin müəyyən keçid mexanizmi üzərində anlaşması ehtimalı daha yüksək görünür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: