ilham heyderjpg 1589028082

İyun ayında müasir Azərbaycan tarixində ən ziddiyyətli, qarışıq hadisələr baş verib. Bu ay eləcə də Azərbaycan üçün bir nicat tarixidir. İllər bir-birini əvəzlədikcə bunun belə olduğu daha çox təsdiqlənir. “Zaman hər şeyin dərmanıdır” ifadəsi boşuna yaranmayıb. Bütün emosiyalar, hisslər çəkildikcə reallığı daha aydın şəkildə qavramaq olur. Başa düşürsən ki, vaxtilə doğru bildiklərin əslində böyük yanlış imiş. Qəhrəman kimi gördüklərin o mənəvi titula layiq deyilmişlər. Xilaskar kimi gördüklərin isə ölkəni uçuruma aparırmış…

1993-cü ilin bu günləri Azərbaycan “Olum, ya ölüm” dilemması qarşısında idi. AXC iqtidarının 1 illik hakimiyyəti etimadı doğrultmamışdı. Ya da xalqın bu hakimiyyətdən gözləntisi o qədər yüksək olub ki, xəyal etdikləri reallaşmadıqda, ondan üz çevirməyə başladı.

Azərbaycanı bölməyə, yox etməyə xarici qüvvələr bu məqamdan istifadə etmək üçün fürsət gəzirdi. Xalqla hakimiyyət arasında yaranmış etimadsızlıqdan yararlanıb, daxildəki şəbəkəni hərəkətə keçirdi. Polkovnik Surət Hüseynovun komandiri olduğu 709 saylı hərbi hissə vasitəsilə ölkədə hərbi qiyam baş verdi. Bunun ilk məşqləri bir neçə ay öncə başlamışdı. 1993-cü ilin fevral-mart aylarında S.Hüseynov tabesizlik göstərmiş, Bakı ilə ultimativ dildə danışmaq yolu seçmişdi. Prezident Əbülfəz Elçibəy onu qəbul etmiş, cəzalandırmaq əvəzinə, güzəşt etmişdi. Surət Hüseynov bu görüşdən yeni yaradılmış Yun Konserninin prezidenti təyinatı ilə çıxmışdı. Hələ o vaxt əksəriyyət bu addımı yanlış sayırdı. Bildirilirdi ki, Surətin və onun dəstəkçilərinin qarşısını almaq çətin olacaq. Təsəvvür edin, dövləti, prezidenti hədələyən, silaha əl atacağını bəyan edən bir hərbçi cəzalandırılmaq əvəzinə, mükafatlandırılır, yeni vəzifəyə təyin olunur. Bu haqda ötən illərdə təfərrüatı ilə yazmışıq. Link burada.

Bu addım Azərbaycanın böyük faciələrinin, məğlubiyyətlərinin əsasını qoydu. Aprel ayının əvvəlində Kəlbəcər erməni ordusu tərəfindən işğala məruz qaldı. Bu hadisə Xocalı soyqırımının şoku canından çıxmayan xalqa böyük travma yaşatdı. Xalq işğalı dayandıracaq, yeni soyqırımların qarşısını alacaq, ölkəni fəlakətdən qurtaracaq lider axtarırdı. Əslində o lider mövcud idi, sadəcə Bakıya gəlməsi, dövlətə sahib çıxması, məsuliyyəti üzərinə götürməsi üçün şərait yetişməli idi.

2026 05 09 69ff22d33975a

Heydər Əliyevin hakimiyyətə gəlməsi artıq ictimai sifariş, kütlələrin ehtiyacı  halına gəlmişdi. Xalqda özünüqoruma instinkti yaranmışdı; yalnız instinktlə də yox, şüurla, məntiqlə bunu istəyirdi. AXC iqtidarı da başa düşürdü ki, xalqın dəstəyi günbəgün azalır.

Bir vacib məqamı qeyd edim ki, əslində Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə hakimiyyət uğrunda mübarizə aparmırdı. Əbülfəz Elçibəyin əleyhinə, AXC hakimiyyətinin pisliyinə bir söz söyləmirdi. Əksinə, hər fürsətdə dəstəyini ifadə etdirdi. İyun qiyamı baş verən ilk günlərdə xalqı prezident Elçibəyin ətrafında birləşməyə çağırmışdı. Əvvəla, bu, onun dövlətçilik əxlaqından, ictimai xadim və siyasi lider kimi böyüklüyündən irəli gəlirdi. İkincisi, Heydər Əliyev yaxşı bilirdi ki, xarici qüvvələr öz əlaltıları vasitəsilə yenicə qurulmuş müstəqil Azərbaycan dövlətini məhv etməyə çalışır. Ona görə də qiyamçıların hakimiyyəti qeyri-legitim yollarla ələ keçirməsini istəmirdi.

Xalqın israrlı tələbi və o vaxtkı hakimiyyətin xahişi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Ölkəni üzləşdiyi fəlakətli vəziyyətdən çıxarmaq üçün dərhal hərəkətə keçdi. Həyatını riskə atıb, Gəncəyə getdi. Qiyamçı polkovniklə görüşdü. Baxmayaraq ki, Surətin ətrafında qanun tanımayan, dövlətçilik tərbiyəsindən uzaq xeyli başıpozuq silahlı şəxs toplaşmışdı, onlar hər an Heydər Əliyevin həyatına qəsd edə bilərdilər. Buna baxmayaraq o, bu riski göz önünə almağı bacardı.

Heydər Əliyev bu səfərdən sonra qiyamçıları qanunsuz addımlardan qismən çəkindirdi. Onun xarizması, nüfuzu, lider obrazı Surət Hüseynovu və ətrafını ilk təmasdaca əzdi. Xalq o görüşdən hazırlanmış və efirə verilən reportajlarla Heydər Əliyevi xilaskar kimi görməkdə yanılmadığına əmin oldu.

Bundan sonra isə başqa bir proses başladı. Heydər Əliyev iyunun 15-də Milli Məclisin sədri seçildikdən 2 gün keçməmiş Əbülfəz Elçibəy heç kimə xəbər vermədən təyyarə ilə Naxçıvana uçdu. Ordan isə doğulduğu Kələki kəndinə getdi. Bu artıq fors-major idi. Elçibəyin bu davranışı ölkəni növbəti fəlakət dalğası ilə üz-üzə qoydu. Yalnız hakimiyyət boşluğu yaratmadı bu rəftar, cəmiyyətdə, Elçibəyin tərəfdarlarında dərin xəyal qırıqlığına, ümidsizliyə gətirib çıxardı.

Sonra AXC iqtidarının nümayəndələri vəzifələrini dondurduqlarını elan etdi. Bakını tərk edib, Kələkiyə yığışdılar. Daha uzaqlara gedənlər oldu. Rusiyanın meşələrində gizlənən kim, Türkiyəyə sığınan kim… Ardından Heydər Əliyevə qarşı müxalifətə keçdilər. Onları silah gücünə devirən Surətə qarşı yox, Heydər Əliyevə qarşı barışmaz müxalifət kostyumu geyindilər. Özləri siyasi meydandan qaçdılar, amma dedilər, “biz müxalifətik”.

Özünü AXC-nin varisi və bu düşərgənin şəriksiz lideri sayan Əli Kərimli də o vaxtlar Naxçıvana, ordan isə Kələkiyə gedənlərdən olub. Ə.Kərimli Cəbhə hakimiyyətində dövlət katibi vəzifəsini tutub. İndiki statusla Prezident Administrasiyasının rəhbəri postunda olub. Surət Hüseynov Gəncədə ayağına yerə vuran kimi “gəmini” ilk tərk edənlərdən oldu Kərimli. İddialara görə, Əli Kərimlini Bakıdan uyğunsuz geyimdə çıxarıblar. Yenə də iddialara görə, ona bu dəstəyi sonradan siyasi düşmənçilik apardığı bir şəxsin yaxın qohumları verib, hətta deyilir ki, bu libası onların tövsiyəsi ilə əyninə keçirib…

Əli Kərimli və dəstəsi əsl sifətlərini 44 günlük Vətən müharibəsi vaxtı göstərdi. İctimai rəyi çaşdırmaq, Azərbaycan Ordusunun qələbəsini şübhə altına almaq üçün əllərindən gələn yaramazlıqları etməkdən çəkinmədilər. 10 noyabr sazişindən sonra isə daha ləyaqətsiz hərəkətlərə imza atdılar. Rusiya sülhməramlılarının Qarabağa gəlməsini 28 aprel 1920-ci ildə 11-ci ordunun ölkəmizi işğalı ilə müqayisə etdilər. Millətin halal qələbəsinə haram qatmaq istədilər. “Qarabağı ruslara satdılar” deyib, həşir saldılar. Hər gün efirə çıxıb, yalan, şər, böhtan püskürdü Əli Kərimli. Bütün varlığı ilə Zəfərə qarşı olduğunu isbatlayırdı. 2023-cü ildə antiterror əməliyyatlarına kimi bəhanə bu idi ki, Xocalı, Ağdərə, Xankəndi və digər ərazilər azad edilməyib, bu səbəbdən İlham Əliyevi “yarımçıq” qələbəyə görə tənqid edirdi güruhçuların lideri. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən sonra yalnız bir bəhanə qaldı: “Rus hərbçilər Qarabağı tərk etməyib!”

2024-cü ildə İlham Əliyevin diplomatik zəfəri nəticəsində Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisini tərk etdi. Üstəlik, Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı. Bu hadisəyə qədər Əli Kərimli, Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Natiq Adilov, Qurban Məmmədov, Arif Yunis və s. xaricdə və daxildə Azərbaycan dövlətinə qarşı nifrətlə silahlanmış güruh “liderləri” deyirdilər ki, ruslar Azərbaycandan çıxsalar, İlham Əliyevdən üzr istəyəcəyik, ona Müzəffər Ali Baş komandan deyəcəklər. Ardınca da öz arzularını ifadə edir, ictimai rəyə hər gün şübhə toxumu səpirdilər: “Bu, heç vaxt baş verməyəcək!” Rusiya sülhməramlı kontingenti Qarabağdan və Azərbaycan çıxarıldıqdan sonra isə onlara bu vədləri xatırladılanda min bir bəhanə edib, verdikləri sözdən caydılar.

2020-ci ildən sonra yaşananlar əslində bu internet siçovullarını siyasi və ideoloji baxımdan tərk-silah edib. Sadəcə cəmiyyəti manipulyasiya edərək, ayaqda qalmağa çalışırlar. Hər gün efirdən nifrət, yalan püskürüb, ictimai rəyi çaşdırmağa çalışırlar.

Fəqət ortada olan reallıq bunların yalanlarını əzib keçir. 15 iyunun Azərbaycan üçün nə demək olduğu 8 noyabr 2020-ci ildə, 19-20 sentyabr 2023-cü ildə və nəhayət, 2024-cü ilin aprel ayında tam mənası ilə bilindi. Heydər Əliyevin başlatdığı Qurtuluş missiyasını İlham Əliyev tam və qəti qələbə ilə başa çatdırdı. Bu gerçəyi heç bir yalan, iftira, hətta heç bir ordu dəyişə bilməz və bilməyəcək!

Azərbaycan bütün cəbhələrdə qalibdir. Amma dövlətə qarşı cəbhə açanlar hələ də bəd niyyətlərindən əl çəkmirlər. AXCP adı ilə ictimai rəyi manipulyasiya edən siyasi dələduzlar bilməlidirlər ki, bu, siyasi fəaliyyət deyil, dövlətə qarşı çıxmaqdır. Fikrimcə, artıq bu nimdaşlaşmış adlarla, dəhşətli günləri assosiasiya edən abreviaturalarla vidalaşmaq lazımdır.

İlham Əliyevin siyasəti artıq Ermənistanı fəth edir. Diplomatiyamız Dilican bölgəsindən boy göstərir. Prezidentin köməkçisi Hikmət Hacıyevin Milli Qurtuluş günü ərəfəsində ora səfəri, Dilicanda addımlaması böyük siyasi, eləcə də mənəvi məna daşıyır. Azərbaycan diplomatiyasının ayaq səslərinin Ermənistanda eşidilməsi Cənubi Qafqaza sülh gətirir. 15 iyunun mahiyyəti həm də budur…

WhatsApp Image 2026 03 05 at 15.54.52

Azər Ayxan
Əməkdar jurnalist

Paylaş: