“Günəş yanıqları dəri xərçəngi riskini artırır. Buna görə də günəşin ən aktiv olduğu saatlarda – 11:00-dan 16:00-dək – açıq günəş altında qalmaqdan çəkinmək lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı həkim Yana Novikova deyib.
Onun sözlərinə görə, qulaq seyvanları və burnun üst hissəsi daim günəş şüalarına məruz qalır:
“Bu nahiyələr çıxıntılı olduğu üçün kölgədə az qalır, üstəlik insanlar həmin hissələrə günəşdən qoruyucu kremi daha az və nazik qatla çəkirlər. Araşdırmalar göstərir ki, baş və boyun nahiyəsində yaranan melanomaların bir hissəsi məhz qulaqlarda yerləşir, burun və qulaq dərisində isə tez-tez bazalioma və yastıhüceyrəli dəri xərçəngi aşkarlanır”.
Mütəxəssis qeyd edib ki, Günəş yanığı sadəcə dərinin qızarması deyil:
“Bu, hüceyrələrin ciddi zədələnməsidir və orqanizm həmin zədələri bərpa etməyə çalışır. Lakin belə zədələr illərlə toplananda hüceyrələrin bərpası zamanı səhvlərin yaranması və nəticədə xərçəng riskinin artması mümkündür”.
Yana Novikova bildirib ki, beş və ya daha çox ciddi günəş yanığı dəri xərçəngi ehtimalını əhəmiyyətli dərəcədə yüksəldir.
Həkim günəşdən qorunmaq üçün bunları tövsiyə edib:
-11:00–16:00 saatları arasında mümkün qədər kölgədə qalmaq;
-Geniş kənarlı papaq taxmaq;
-Günəşdən qoruyucu kremdən istifadə etmək;
-Qulaqlar, burun, saç xətti, göz və dodaq ətrafı kimi tez-tez unudulan nahiyələrə xüsusi diqqət yetirmək.
Novikovanın sözlərinə görə, xüsusilə açıq dərili insanlar və uşaqlar üçün bu qaydalara əməl etmək çox vacibdir.
Günel Cəlil
Globalinfo.az