bir

“İkinci Dünya müharibəsi dövründə müttəfiq olan Almaniya və Yaponiya fəal şəkildə yenidən silahlanır və əlaqələrini gücləndirir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.

Məlumata görə, hər iki ölkə ABŞ-ın gələcək siyasətinə ehtiyatla yanaşır, eyni zamanda Çin və Rusiyadan qaynaqlanan təhlükələrlə bağlı narahatlıqları artır.

“Almaniya ilə Yaponiya arasında müdafiə sahəsində əməkdaşlığın yaxın günlərdə keçiriləcək G7 liderlərinin görüşündə daha da dərinləşəcəyi gözlənilir. Tərəflər artıq hərbi texnologiyalar və silah sistemləri üzrə əməkdaşlıq edirlər.

Bu dəfə Tokio və Berlin hücum məqsədli deyil, müdafiə yönümlü əməkdaşlıq qurur. Almaniya Ukraynanın Rusiyaya qarşı mübarizəsini dəstəkləyir, Yaponiya isə Çin və Şimali Koreyadan gələn təhdidlərdən ehtiyat edir. Hər iki ölkə təhlükəsizlik məsələlərində oxşar baxışlara malik olan digər “orta güclərlə” birlikdə hərəkət etməyə çalışır”, – deyə bildirilib.

Məqalədə vurğulanır ki, son illərdə həm Almaniyada, həm də Yaponiyada sülh, diplomatiya və hərbiləşməyə qarşı ideyaları müdafiə edən antimilitarist hərəkatların təsiri zəifləyib.

Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın Avropanın təhlükəsizliyi ilə bağlı öhdəlikləri azaltmaq barədə açıqlamaları hər iki ölkənin müdafiə potensialını artırmaq istəyini sürətləndirib:

“Tokio artıq Avstraliyaya milyardlarla dollar dəyərində hərbi gəmi satışı barədə razılaşma əldə edib, həmçinin Filippin və İndoneziya ilə də oxşar danışıqlar aparır. Bununla yanaşı, 2026-cı ilin yazında Tokioda on minlərlə insan silah ixracının genişləndirilməsinə və milli kəşfiyyat agentliyinin yaradılmasına qarşı etiraz aksiyalarında iştirak edib”.

Almaniyanın yeni hərbi strategiyasında isə ölkə ordusunun Avropanın ən güclü ordusuna çevrilməsi hədəfi qoyulub:

“Strategiyaya əsasən, ehtiyat qüvvələrlə birlikdə Almaniya ordusunun şəxsi heyəti ən azı 460 min nəfərə çatdırılmalıdır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: